Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olunub

4-08-2017, 13:25           
Cəbrayılda erməni əsgərin güllələnməsinə görə komandir və bir əsgər həbs olunub
Azərbaycanın işğal altında olan Cəbrayıl rayonundakı erməni postlarından birində bu ilin fevralında erməni əsgərin güllələnməsi ilə bağlı yeni məlumatlar yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgər Lernik Osyanın ölümünə görə onun xidmət yoldaşı və komandiri həbs olunub. Bu barədə Lernik Osyanın anası Susanna Osyan bildirib.

“Həbs olunan əsgər günahını etiraf etmir, ancaq qətl baş verib. Mən tutulanların adlarını bilmirəm”-o deyib. Qadının bildirdiyinə görə fevralın 17-nə keçən gecə hansısa mübahisə olub, bu zaman Lernikin xidmət yoldaşı onun öz avtomatı ilə əsgərə atəş açıb. Ermənistan Müdafiə Naziri isə əsgərin “ehtiyatsızlıqdan özünə atəş açdığını” açıqlamışdı.

Lernik Osyan Ermənistanın Lori vilayətinin Odzun kəndindəndir, onun ailəsi yarıuçuq evdə, ayda cəmi 62 dollara ağır sosial vəziyyətdə yaşayır. Lernik ailənin yeganə övladı olub.

Qeyd edək ki, Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşən hissələrində tez-tez əsgərlər arasında ölümlə nəticələnən insidentlər olur. Ermənistan Müdafiə Nazirliyi belə hadisələrin çoxunu gizlədir, yaxud “ehtiyatsızlıqdan baş vermiş hadisə” kimi təqdim edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.