Əfqanlar gizli yolla Naxçıvandan Ermənistana keçib
16-09-2017, 13:38
Ermənistanın dövlət sərhədi ciddi qorunmur və lazım olan məqamda bu ölkəyə qanunsuz yolla keçmək mümkündür.
AzVision.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, 24 iyul 2017-ci il tarixində bir qrup əfqan Naxçıvandan Ararat vilayətinin Yerasx inzibati ərazisində yerləşən hərbi hissələrdən birinin nəzarətindəki döyüş mövqeyinə yaxın ərazidən sərhədi keçərək Ermənistana gedib.
Əfqanları sərhədçilər yox, Yerasx kənd Oğakadzev (Dairəvi) meydanında polislər tutub. Daha sonra cinayət işi qaldırılıb və bu günlərdə məhkəməyə göndəriləcək.
“Joğovurd” qəzeti bu barədə şərh almaq üçün Ermənistan sərhədlərinin qorunması ilə məşğul olan MTX-nə müraciət etsə də, cavab ala bilməyib.
Qeyd edək ki, Ermənistanın hüquq-mühafizə sistemi yalnız rejimin qulluqçusuna çevrilməklə, müxalifətin telefon danışıqlarını gizli dinləməyi, müxtəlif üsullarla müxalifətə və arzuolunmaz kütləvi informasiya vasitələrinə təzyiq göstərmə cəhdini uğurla yerinə yetirir. Ancaq qarşısında duran mürəkkəb fəaliyyətləri həyata keçirərkən səhlənkarlıq edir. Bu, Ermənistanın Respublikaçı Partiyası və Serj Sarkisyanın vəd etdiyi təhlükəsiz və etibarlı Ermənistandır.