Sevgilisini amansızlıqla öldürənin arvadı: - "Qız gecələr zəng edirdi..."

17-01-2018, 15:53           
Sevgilisini amansızlıqla öldürənin arvadı: - "Qız gecələr zəng edirdi..."
Sevdiyi qadını və onun atasını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Maral Hacıyeva ifadə verib.

O bildirib ki, təqsirləndirilən S.Hacıyevin həyat yoldaşıdır: "Onların münasibətlərini son illər bildim. Həmin qız gecə saat 3-də zəng edirdi, mən də narahat olurdum. Qadın zəng eləyən zaman Sahib sanki zövq alırdı. Sahib bu qadını saxlayırdı".

M.Hacıyeva qeyd edib ki, hazırda S.Hacıyevlə nikahları rəsmi olaraq pozulmayıb:

"Sahiblə hadisədən əvvəl də bir yerdə yaşayırdıq. Onun qanuni həyat yoldaşıyam".

Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, Sahib Hacıyev ittiham üzrə özünü təqsirli bilib.

O törətdiyi əməl üçün peşman olduğunu deyib: "Biz Samirə ilə bir birimizi sevmişik. Bir müddət bir yerdə yaşamışıq. Samirəni qısqandığım üçün öldürdüm. Atasını da orada olduğu üçün bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmək məqsədim yox idi".

Onu da qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.