1 milyon 270 minlik məhkəmə başladı - “Atrabank” işi
27-08-2015, 13:28
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən mütəşəkkil dəstənin məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.
Təqsirləndirilən şəxslər istintaq materialları ilə tanış olduqlarını və cinayət işinin məhkəməyə verilməsinə etiraz etmədiklərini bildiriblər.
Hakimlər kollegiyası qısa müşavirə elan edib. Bundan sonra cinayət işində təqsirləndirilən şəxs olub hazırda ev dustaqlığında olan Rzayev Ramşam baqda qərar verilib. Hakim Rasim Sadıxov bildirib ki, onun haqqında seçilən ev dustaqlığı qərarının müddəti başa çatıb. Məhkəmə R.Rzayev haqda başqa yerə getməmək barədə qərar qəbul edib.
Məhkəmənin ilkin baxış iclası sentyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, «Atrabank» ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda
vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1.270.884,46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib.
Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilib, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə
ittiham elan edilib, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.