"Barselona" "Sevilya"nı darmadağın edərək İspaniya Kubokunun yarımfinalına çıxıb

31-01-2019, 07:45           
"Barselona" "Sevilya"nı darmadağın edərək İspaniya Kubokunun yarımfinalına çıxıb
"Barselona" futbol klubu İspaniyanın kubokunun 1/4 finalının cavab matçında "Sevilya"nı qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma Kataloniya paytaxtında, "Kamp Nou" stadionunda baş tutub və meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində İvan Rakitiç, Serxi Roberto, Luis Suares, Lionel Messi və Filipp Koutino (iki dəfə) fərqləniblər. "Sevilya"nın" yeganə qolunu Qilerme Aran vurub.

Qarşılaşmanın 27-ci dəqiqəsində Ever Baneq penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, birinci matçda "Sevilya" öz meydanında "Barselona"ya 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün nəticəsinə uyğun olaraq Katalon klubu İspaniya Kubokunun yarımfinalına çıxıb.

"Barselona" turnirdə qələbələrin sayına görə (30 qələbə) liderdir. Bu göstərici üzrə ikinci yerdə "Atletik" (23 qələbə), üçüncü yerdə isə "Real" (19 qələbə) qərarlaşıb.

Xatırladaq ki, Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.