"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq - AFİŞA

6-08-2019, 07:23           
"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq - AFİŞA
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk matçı çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.

Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasında güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeronun 12-ci, Ailton Silvanın 76-cı, Xayme Romeronun isə 87-ci dəqiqədə vurduğu qollarla rəqibini darmadağın edib.

Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasını keçib (1:0, 3:0).

APOEL indiyə qədər 2 dəfə avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Hər iki halda “Neftçi” ilə üz-üzə gələn nikosiyalılar 1995/1996 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində sevinən tərəf olublar (3:0, 0:0). Əvəzində 2012/2013 mövsümündə Avropa Liqasının pley-offundan APOEL-dən güclü olan (1:1, 3:1) “Neftçi”, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində isə “Qəbələ” Kiprin başqa bir komandasını – “Apollon”u mübarizədən kənarlaşdırıb (1:1, 1:0).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Davide Massa

Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni

Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)

Nikosiya, GSP stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru