Yuventus" "Napoli"yə uduzub, derbidə qalib müəyyənləşməyib
27-01-2020, 03:19

İtaliya A seriyasında XXI turun son oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, son gündə 6 qarşılaşma baş tutub.
Çempionluğa iddia edən "İnter" ardıcıl ikinci matçda büdrəyib. "Neradzurra" bu dəfə öz meydanında "Kalyari" ilə görüşdə qələbə hesabını qoruya bilməyib. Milan təmsilçisini sabiq futbolçusu Raca Nainqqolan cəzalandırıb.
Üçüncü pillədə qərarlaşan "Latsio" turnir cədvəlində qonşu olduğu "Roma" ilə səfərdə bərabərə qalıb. Paytaxt derbisində hər iki komanda büdrəyib. "Latsio" "İnter"ə çatmaq, "Roma" isə bugünkü rəqibinə yaxınlaşmaq fürsətini dəyərləndirə bilməyib.
Turun bağlanış oyunu Neapolda keçirilib. Uğursuz mövsüm keçirən "Napoli" "Yuventus"u qəbul edib. İzləyicilərinin xal itirməsi "qoca sinyora"ya liderliyini möhkəmlətmək şansı yaratsa da, komanda bundan yararlana bilməyib. Turin təmsilçisi mövsümdə ikinci məğlubiyyətini "Napoli"dən alıb.
İtaliya A seriyası
XXI tur
26 yanvar
"İnter" - "Kalyari" - 1:1
Martines, 29 - Nainqqolan, 78
"Parma" - "Udineze" - 2:0
Qaliolo, 19; Kuluşevski, 34
"Sampdoriya" - "Sassuolo" - 0:0
"Verona" - "Leççe" - 3:0
Davidoviç, 19; Pessina, 34; Patsini, 87
"Roma" - "Latsio" - 1:1
Dzeko, 26 - Açerbi, 34
"Napoli" - "Yuventus" - 2:1
Zelinski, 63; İnsinye, 86 - Ronaldo, 90