Özgə torpağından yurd olmaz, Levon Aronyan!

2-10-2020, 10:23           
Özgə torpağından yurd olmaz, Levon Aronyan!
“Biz idmançılar digərlərdən fərqli olaraq ermənilərlə daha çox ünsüyyətdə olmuşuq. Şəxsən mən, 1995-ci ildən erməni şahmatçıları ilə dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda istər rəqib, istərsə də, şahmatçı olaraq qarşılaşmışam. Müxtəlif zamanlarda fikir mübadiləsində ölkələrimiz arasında münaqişə barəsində fikirlərimiz toqquşub və hər zaman da onlara başa salmağa çalışmışıq ki, ermənilər nəinki Azərbaycan torpağlarında yaşayırlar, həmçinin onların bu gun, hətta zəbt etdikləri Dağlıq Qarabağ, Xocalı, Şusa və digər rayonlarda törətdikləri vəhşiliklər gerçəkdir”.

Bu statusu öz “Facebook” səhifəsində Azərbaycan milli komandasının üzvü, qrossmeyster Zeynəb Məmmədyarova Ermənistan şahmatçısı Levon Aronyana sosial şəbəkələrdə Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi ilə bağlı paylaşımlarına cavab olaraq yazıb.

Z. Məmmədyarova yazır ki, şahmat intellekt sahiblərinin oyunudur. Lakin bu gün Ermənistan şahmatçısı Levon Aronyanın paylaşdığı yalan dolu status məni bir şahmatçı olaraq çox məyus etdi. Ermənistanın “fəxri” Kardaşyandan fərqli olaraq intellekt sahibi olan qrossmeysterdən daha çox intellektli, uzaqgörən, humanist və sülh təklifi gözləyərdim.

O, qeyd edib ki, yalanlarla yoğrulmuş yeni nəsil erməni gəncliyi acı da olsa, bilməlidir ki, onlar ana vətəni olmayan bir millətdirlər. Belə ki, ermənilər Azərbaycan torpağının -1828-ci ildə “Türkmənçay müqaviləsi” vasitəsilə erməni vilayətinə çevrildiyini, daha sonra isə oranın Ermənistan adlandırıldığını, yaşadıqları torpaqların sahibi olan Azərbaycanın digər torpaqlarına da tamah salaraq Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etdiyini danan yalançı millətdirlər: “Sən, Levon Aronyan, elitar bir şahmatçı olaraq Ermənistana, işğal etmiş torpaqların sizə aid olmadığını nə zaman söylədin? Sən bilmirsənmi ki, özgə torpağından yurd olmaz?! Şahmat sənə dürüst olmağı oyrətmədimi? Şahmat sənə sülhsevər olmağı öyrətmədimi?

Otuz ildir ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, sülh yolu ilə itirilmiş torpaqlarını geri qaytarmağa çalışan Azərbaycan, bu gün Ermənistanın yenidən başladığı müharibədə öz torpaqlarını müdafiə etdiyi üçünmü Ermənistana hücum etmiş sayılır, Levon Aronyan? Ermənistan yeni müharibələr etsin deyə, fond açıb pul yıgırsan?

Sızın ana Vətəniniz yoxdur, siz bunu bilməzsiniz! Amma başqa hansı ölkə Azərbaycan qədər 30 il doğma torpaqları işğal altında yaşamışdır? Hansı ölkə Azərbaycanı sülhsevər ölkə kimi tanımaz bunlardan sonra?

Bütün dünya bilir! Qarabağ Azərbaycandır! Yaşasın bugünkü, güclü Azərbaycan Ordusu!

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.