Tokio-2020: Azərbaycanın daha bir güləşçisi məğlub olub
3-08-2021, 07:21
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Daniel Heçavarria ilə qarşılaşıb.
Abbasov rəqibinə 1:3 hesabı ilə uduzub. Heçavarria finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan Elis Manolova (68 kq) olimpiadanı medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.