Braziliyalı futbolçu: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"

6-10-2022, 12:39           
Braziliyalı futbolçu:
"Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram. Üç il orada oynamışam".

"Report"un məlumatına görə, bunu "köhlən atlar"ın sabiq futbolçusu Çumbinyo komandanın Yunanıstan klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu ilə bağlı "Sport-fm.gr" saytına müsahibəsində deyib.

2010 - 2013-cü illərdə müqavilə ilə Pirey təmsilçisinə məxsus olan 36 yaşlı vinger Azərbaycan çempionunun növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansının olduğunu bildirib: "Qarabağ"la bağlı əla xatirələrim var. Mənə orada oynamaq imkanı verən kluba təşəkkür edirəm. Bakını çox bəyəndim, orada gözəl vaxt keçirdim. Komandalar çox sərt qrupda mübarizə aparır. "Olimpiakos"un rəqibləri ilə başabaş mübarizə aparacağına inanıram".

Braziliyalı oyunçu "köhlən atlar"da başına gələn maraqlı xatirələrindən birini də bölüşüb: "Avrokubok oyunu üçün Avstriyaya yollanmışdım. Bütün futbolçular avtobusda oturub gecikən komanda yoldaşını gözləyirdi. O geciksə də, gülərək gəldi. Baş məşqçi həmin oyunçuya baxaraq, bütün heyətin onu gözlədiyinə sevinib-sevinmədiyini soruşdu. Əslində ona belə dedi: "Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın". Çox gözəl replika idi".

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hazırda Yunanıstanda "Etnikos"da çıxış edən Çumbinyo 2013 - 2015-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.