Azərbaycanın kunq-fu üzrə yığma komandası Ermənistan yığmasından üzr istəyib?
22-07-2016, 22:56
Bu gün Moskvada kunq-fu idman növü üzrə beşinci dünya çempionatı başlayır. Çempionat azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus City” sərgi mərkəzində keçirilir. Çempionatın təşkilatçısı, Rusiyanın Kunq-Fu Federasiyasıdır. Federasiyanın prezidenti Kamil Rabadanov deyib ki, Azərbaycan yığması bu ilin aprelində Odessada keçirilən Avropa Çempionatı zamanı erməni idmançı David Petrosyanın döyülməsinə görə yarışlardan diskvalifikasiya edilmişdi. Lakin indi Azərbaycan yığması Ermənistan yığmasından həmin insidentə görə üzr istəyib və Beynəlxalq Kunq-Fu Federasiyası bunu nəzərə alaraq komandanı Moskva yarışlarına buraxıb. Odessada erməni idmançını döyməkdə günahlandırılan azərbaycanlı idmançı isə komandadan kənarlaşdırılıb.
Virtualaz.org xəbər verir ki, Kamil Rabadanovun bəyanatını erməni KİV-ləri yayıb. “Belə münaqişələrə yer olmamalıdır, çünki idman dünyada sülhə xidmət edir. Bu, ilk növbədə Ukrayna təşkilatçılarının günahı idi. Biz döyüşün videosunu izlədik və orada doğrudan da azərbaycanlı idmançının qaydanı pozduğunu gördük. Avropa Kunq-Fu Federasiyası bu insidentə görə Azərbaycan yığmasını yarışlardan kənarlaşdırmışdı. Mən Beynəlxalq Kunq-Fu Federasiyasınn prezidentindən xahiş etdim və Azərbaycan yığmasına şans verməyi istədim. İnsidentə səbəb olan idmançı onsuz da yarışlardan kənarlaşdırılıb və Moskvaya gəlməyib. Və Azərbaycan yığmasının Ermənistan yığmasından üzr istəməsini nəzərə alaraq biz onlara şans verməyi qərara aldıq”-Rabadanov deyib.
Hazırda virtualaz.org Azərbaycanın Kunq-Fu Federasiyasından bu bəyanata cavab almağa çalışır.