”Almanlar atamdan üzr istəmişdilər” – Tofiq Bəhramovun oğlu

31-07-2016, 09:32           

1966-cı il Dünya Futbol Çempionatının finalında İngiltərə yığmasının qələbəsindən 50 il ötür. Bu matçda yan xətt hakimi olmuş Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov atasını xatırlayır.

Mənim 13 yaşım vardı. Bu oyuna televizorda baxırdım. Mən də bir vaxtlar futbolçu olmuşam.

Atam İngiltərədən qayıtdıqdan sonra mənə bu matç haqqında çox bəhs etmişdi. O çox həyəcanlı idi. Bu oyunda əsas vaxt 2-2 hesabı ilə başa çatmışdı və əlavə vaxt verilmişdi.

Elə bu zaman Geoff Hurst üçüncü, mübahisəli qolu vurmuşdu.

Mərkəz hakimi, isveçrəli Gottfried Dienst qol anını tutmamışdı. İngilislər əllərini qaldırırdılar, almanlar narazı idilər.

Və bu anda Dienst bütün məsuliyyəti yan xətt hakimi Tofiq Bəhramovun boynuna yüklədi. Bəhramovun yanına qaçaraq soruşdu: Qol idi?

Bəhramov əlində bayraqla mərkəzi göstərirdi: qol. O başının hərəkəti ilə də mərkəzi göstərirdi. Qəşəng saçları vardı. O əmin idi. Qol vurulmuşdu.

Almanlar bir anda onun üstünə cummuşdular, onlar etirazlarını bildirirdilər. Bu oyundan sonra videoyazıya baxış keçirilmişdi. İngilislər də, almanlar da orada idilər.

Hamı əmin olub ki, qol vurulub. Almanlar atamdan üzr istəmişdilər. Şəxsən komandanın kapitanı Uwe Seeler özü üzrxahlıq etmişdi.

Hətta mərkəz hakimi Dienst atama demişdi: “Siz mənim reputasiyamı xilas etdiniz”. Bütün bunlar atamın kitabında yazılıb.
”Almanlar atamdan üzr istəmişdilər” – Tofiq Bəhramovun oğlu
Həmin gündən atam dünyanın ən məşhur futbol hakimi olmuşdu. Onu küçədə tanıyır, telekanallara dəvət edirdilər. Evimizə bütün dünyadan jurnalistlər gəlirdi.
Atama FİFA-nın “Qızıl fit” mükafatını vermişdilər.

İngiltərə kraliçası isə atama futbol kubokunun surətini bağışlamışdı. Bu hədiyyə indiyədək evimizdədir.

Həmin çempionatdan sonra həyatımız yaxşıya doğru dəyişdi. Sovet hakimiyyəti atamı Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi.

Bir dəfə atamla çimərlikdə idik. Yaxınlıqda kabab çəkirdilər. Biz sudaydıq. Bir də gördük ki, həmin dəstədən bir nəfər əlində bir sini kababla suya girdi. Bizim üçün kabab gətirmişdilər. Deyirdilər ki, “bu bizim ailəmizdən sizə hədiyyədir”.

Ölkənin bir vaxtlar Leninin adını daşıyan birinci stadionuna indi atamın adı verilib. Bu adı stadiona o vaxtkı prezidentimiz Heydər Əliyev verib.

Bu yaxınlarda ailəliklə Britaniya səfirliyində kraliça Elizabeth-in ad gününə həsr edilmiş ziyafətdə iştirak etmişik. Bizi şəxsən xanım səfirin özü dəvət etmişdi.
Amma Londonda heç vaxt olmamışıq (BBC).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.