Ukraynalı futbolçular "Partizan"ın oyunçularının əllərini sıxmaqdan imtina ediblər
Dünən, 09:17
Ukraynanın "Aleksandriya" komandasının futbolçuları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi Serbiyanın "Partizan" klubunun futbolçularının əlini sıxmaqdan imtina ediblər.
Bu barədə "Sportklub" portalı məlumat yayıb.
"Biz "Partizan" futbol klubunu Rusiyadakı turnirdə iştirak etdiyinə görə heç cür dəstəkləmirik və bunu klubumuza qarşı düşmənçiliyin təzahürü hesab edirik. Bu, klubun və Ukrayna xalqının mövqeyidir. Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin", - deyə "Aleksandriya"nın baş məşqçisi Kirilo Nesterenko bildirib.
"Partizan" matçda 2:0 hesabı ilə qalib gəlib. Görüş Polşanın Katovitse şəhərində baş tutub.