Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək
22-02-2017, 09:17
u gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki matç keçiriləcək.
“Report”un məlumatına görə, İspaniyada “Sevilya” İngiltərənin “Lester” klubunu, Portuqaliyada isə “Portu” İtaliya təmsilçisi “Yuventus”u qəbul edəcək.
Çempionlar Liqasının debütantı olan “Lester”i Avropa Liqasının son qalibi “Sevilya” ilə gərgin mübarizə gözləyir. Klaudio Ranyerinin komandası ötən mövsüm sürprizə imza ataraq, İngiltərə çempionu olsa da, cari birincilikdə elitada qalmaq uğrunda mübarizə aparır. Əndəlusiyalılar isə La Liqada 3-cü sıradadırlar. “Lester” 1/8 finala qrup qalibi, “Sevilya” isə 2-ci yerin sahibi kimi çıxıb.
“Sevilya” iki dəfə 1/8 final mərhələsində dayanıb. İspaniya təmsilçisi 2008-də Türkiyənin “Fənərbaxça” klubuna (iki görüşün ümumi nəticəsi – 5:5, pen. -2:3), 2010-cu ildə isə Rusiyanın MOİK komandasına uduzub (iki görüşün ümumi nəticəsi – 2:3).
Əndəlusiyalılar 2016-cı ildə evdə keçirdikləri 6 avrokubok matçından 5-də qalib gəliblər. Komanda yalnız “Yuventus”a məğlub olub (1:3).
“Sevilya” 2015/16 mövsümündə ilk dəfə evdə bir İngiltərə komandasına – “Mançester Siti”yə yenilib (1:3). “Tottenhem” isə bu komandanı pley-off xarakterli dueldə mübarizədən kənarlaşdıran yeganə Britaniya təmsilçisidir. Bu, 2006/07 mövsümündə UEFA Kubokunda baş verib (2:1, 2:2).
“Lester” tarixində ilk dəfədir avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıbsa, “Sevilya” 2006-cı ildə “Midlsbro”nu (4:0), 10 il sonra isə “Liverpul”u (3:1) Avropa Liqasının finalında məğlub edib.
“Sevilya”nın heyətində Qabriel Merkado cəzalı, Borxa Lasso, Benua Tremulinas və Nikolas Parexa zədəlidir. “Lester”də isə İslam Slimani, Molla Vaqe və Leonardo Uloanın durumu sual altındadır.
Digər oyuna gəlincə, “Portu” indiyə qədər 3 dəfə İtaliya çempionu “Yuventus”la üz-üzə gəlib və bunlardan 2-də uduzub. Portuqaliya təmsilçisi 1983/84 mövsümündə Bazeldə, Kuboklar Kubokunun finalında “Qoca sinyora”ya yenilib (1:2).
“Portu” 2001/02 mövsümündə ÇL-in qrup mərhələsində evdə qolsuz heç-heçəyə nail olsa da, səfərdə müqavimət göstərə bilməyib (1:3).
“Portu”nun heyətlə bağlı problemi yoxdur. “Yuventus”da isə Andrea Bardzali və Corcio Kellinin oynayıb-oynamayacağı sual altındadır.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
23:45 “Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
Baş hakim: Feliks Brıx (Almaniya)
Portu. “Draqau” stadionu
23:45 “Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)
Baş hakim: Kleman Tyurpan (Fransa)
Sevilya. “Ramon Sançes-Pisxuan” stadionu