“Traxtur” çətin durumda: - direktor yardım istədi
16-06-2017, 22:11
Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu klubun düşdüyü ağır vəziyyətə görə “Saypa”nın azərbaycanlı baş məşqçisi Əli Dayi və Təbrizin “Qostəreşe fulad” klubunun sahibi Məhəmmədrza Zenuzidən yardım istəyib.
Axar.az xəbər verir ki, Mustafa Acorlu “Traxtur” klubunun oyunçularını, xüsusilə də Məhəmmədrza Əxbari və Səid Ağayini komandada saxlamağa çalışdığını bildirib:
“Biz “Traxtur”un zəhmətkeş oyunçularını komandada saxlamaq istəyirik, lakin bunun üçün müəyyən problemlər var. Ümid edirəm ki, qarşıdakı problemlər futbol ictimaiyyətinin yardımı ilə həll olunacaq. Hamı bilir ki, “Traxtur” klubu ağır vəziyyətdədir, tərəfdarları da bu vəziyyətdən nigarandır. Ona görə də Azərbaycanın qeyrətli oğlu, qardaşım Əli Dayi və “Qostəreşe fulad” klubunun sahibi M.Zenuzidən “Traxtur”a yardım etmələrini xahiş edirəm”.
Təbriz klubunun rəsmisi sözlərinin davamında bunları deyib:
“M.Əxbari bir neçə il “Traxtur”da oynayıb, indi isə əsgərlik xidmətini başa vurub. Artıq sabiq komandası “Saypa”ya qayıtmalıdır. Şübhəsiz ki, bu “Saypa” klubunun təbii haqqıdır, klub öz sərmayəsini qorumalıdır. Lakin mən Azərbaycana xüsusi bağlılığı olan Əli Dayidən xahiş edirəm ki, “Traxtur” klubunun düşdüyü ağır vəziyyəti və yeni oyunçu transferi qadağası ilə üzləşdiyini nəzərə alaraq, M.Əxbarinin Təbrizdə qalmasına icazə versin”.
M.Acorlu “Traxtur”un digər oyunçusu S.Ağayi barəsində də danışıb:
“Qostəreşe fulad” klubunun sahibi qardaşım M.Zenuzidən də xahiş edirəm ki, S.Ağayi mövzusunda bizi anlasın və “Traxtur”da əsgərlik xidmətini başa vurmuş oyunçunun yeni mövsümdə komandamızda qalmasına şərait yaratsın”.
“Saypa”nın baş məşqçisi Əli Dayi bundan öncə M.Əxbariyə ehtiyacı olduğunu, onun “Traxtur”da qalmasına razı olmadığını qeyd edib.
Qeyd edək ki, azərbaycanlıların sevimli komandası “Traxtur” FİFA-nın qərarına əsasən yeni oyunçu cəlb etmək hüququna malik deyil. Buna görə də oyunçularını itirmək kluba böyük zərər vurur.