I Avropa Oyunlarına medianın akkreditasiyası başa çatıb

14-04-2015, 12:08           
I Avropa Oyunlarına medianın akkreditasiyası başa çatıb
Bakı 2015 Avropa Oyunlarına medianın akkreditasiya prosesi başa çatıb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən APA-ya verilən məlumata görə, yayım şirkətləri istisna olmaqla, 1300-dən çox mətbuat nümayəndəsi tədbiri işıqlandırmaq üçün müraciət edib. Müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək.

Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalara əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bütün akkreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edib: “Bu gənc və dinamik ölkədə keçiriləcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar”.

Məlumatda o da qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq bir tədbiri işıqlandırmaq üçün bu sayda müraciət daxil olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.