Ramil Şeydayev: "Qarabağ"da daha çox oynamaq istəyirəm"

29-11-2017, 08:19           
Ramil Şeydayev: "Qarabağ"da daha çox oynamaq istəyirəm"
"Yaxşı oynayaraq qalib gəldik. Topu nəzarətdə saxladıq. Çoxlu qol imkanı yaratdıq. İnamlı qələbə qazandıq. Yaxşı əhval-ruhiyyədəyik. Növbəti oyuna hazırlaşacağıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev evdə "Qaradağ Lökbatan"ı 2:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final görüşündən sonra deyib.
21 yaşlı hücumçu bildirib ki, ilk yarıda I Divizion təmsilçisinin daha çox qol imkanı yaratması konsentrasiya çatışmazlığından irəli gəlib. Lakin o, ikinci hissədə nəzarəti ələ alaraq, qollar vurduqlarını vurğulayıb:
"Hər şey normaldır. Əsas odur ki, mərhələ adladıq. Fikrimcə, böyük üstünlüyümüz göz qabağında idi".
Şeydayev, həmçinin qol vurmaqda çətinlik çəkdiyini söyləyib:
"Öz üzərimdə çalışıram. Amma bəxtim gətirmir, alınmır. Yenə işləyəcəyəm. Ümidvaram ki, gələn il qol vura biləcəyəm".
Gənc forvard sonda "Qarabağ"dakı durumuna toxunub. Yayadək Ağdam komandasında qalacağını deyən oyunçu daha çox şans qazanmaq istədiyini diqqətə çatdırıb:
"Deməzdim ki, tezliklə anlaşmam başa çatır. Hələ 2018-ci ilin yayınadək "Qarabağ"la müqaviləm var. İndidən nə isə deyə bilmərəm. Özümü "Qarabağ"da əla hiss edirəm. Əlbəttə, daha çox oynamaq istəyirəm. Hər bir məşqdə özümü sübut etməyə çalışıram. Sadəcə, öz şansımı gözləyəcəyəm. Göstərəcəyəm ki, oynaya bilərəm".
"Qarabağ" Ramil Şeydayevi mövsümün əvvəllərində Türkiyə "Trabzonspor"undan icarəyə götürüb. Lakin o, meydana çıxdığı görüşlərdə qol vura bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.