Cavid İmamverdiyev: "Əlimdən gəldiyi qədər istədim ki, oyunum yaxşı alınsın"
31-01-2018, 08:22
Azərbaycan milli komandasının futbolçusu Cavid İmamverdiyev Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.
Milliyə uzun müddətdən sonra dəvət almış yarımmüdafiəçi "Report"un Antalyaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:
- Öz oyununu və yığma komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunuma çıxdım. Sağ olsun, mənə inanıb-güvənərək şans verdi. Çoxdandır yığmada oynamırdım. Əlimdən gəldiyi qədər istədim ki, oyunum yaxşı alınsın. Bilmədim nə dərəcədə alındı. Bunu tamaşaçılar və baş məşqçi deyə bilər.
Mənim üçün çox sevindirici haldır. Bir neçə gündür millidəyəm. Oyundan-oyuna çıxışımı yaxşılaşdırmaq üçün həm klubumda, həm də yığmada əlimdən gələni əsirgəməyəcəyəm.
- Yenidən dəvət alacağınıza inanırsınız?
- Bunu mən yox, baş məşqçi deyə bilər. Çağırsa, can-başla gələrək, əlimizdən gələni etməliyik. Hər bir futbolçu dəvətə hazır olmalıdır.
- Daha çox hücum edən tərəf olsanız da, qalib gələ bilmədiniz. Səbəbini necə izah edə bilərsən?
- Futboldur. Nə deyə bilərəm? Olmayanda olmur.
- Yəqin ki, nəticə sizi qane etmədi?
- Əlbəttə, qane edə bilməz. Hər bir komanda meydana qələbə üçün çıxır. Eləcə də biz udmaq istəyirdik. Amma alınmadı. Gələcək oyunlarda düzələr.
- Çoxdandır yarımmüdafiənin mərkəzində oynamırdınız...
- Doğrudur. Amma nə etmək olar? Baş məşqçi harada deyirsə, orada da oynamalıyam.
- Boş tribunalar önündə oynamaq çətin olmadı?
- Xeyr, çətin deməzdim. Tribunaya heç fikir də vermədim. Bir də ki, tribunada sizlər kimi gözəl qardaşlarımız var idi. Niyə boş olur ki?!
- Hər halda azarkeş dəstəyi başqadır...
- Düzdür, jurnalistlə azarkeş dəstəyi fərqlidir. Amma düşünmürəm ki, bu amil oyunumuza təsir göstərdi.