DÇ-2018: Bu gün 1/8 final mərhələsində daha 2 oyun keçiriləcək

1-07-2018, 10:29           
DÇ-2018: Bu gün 1/8 final mərhələsində daha 2 oyun keçiriləcək
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq.

Əvvəlcə təşkilatçı Rusiya ilə dünya və üçqat Avropa çempionu İspaniya milliləri üz-üzə gələcək.

Qrup mərhələsində Rusiya Səudiyyə Ərəbistanına 5:0, Misirə 3:1 hesabı ilə qalib gəldikdən sonra Uruqvaya uduzub - 0:3. Nəticədə Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda A qrupunu 6 xalla 2-ci pillədə başa vurub.

İspaniya isə B qrupundakı görüşlərində İrana 1:0 hesabı ilə qalib gəldiyi halda, Portuqaliya ilə 3:3, Mərakeşlə isə 2:2 hesablı heç-heçə edib. Nəticədə Fernando Yerronun baş məşqçi olduğu yığma qrupu 5 xalla 1-ci pillədə başa vurub. Bu komanda ikinci yeri tutan Portuqaliyanı yalnız daha üstün top fərqi sayəsində geridə qoyub.

Bu kollektivlər indiyədək dünya çempionatlarında qarşılaşmadıqları halda, Avropa çempionatlarında 3 dəfə görüşüblər. AVRO-2008-də İspaniya Rusiyanı qrup oyununda 4:1, yarımfinalda 3:0 hesabı ilə yenib. AVRO-1964-ün finalında isə İspaniya Rusiyanın hüquqi sələfi sayılan keçmiş SSRİ millisinə minimal fərqlə qalib gəlib - 2:1.

Günün digər matçında Xorvatiya və Danimarka yığmaları qarşılaşacaq. Xorvatiya D qrupundakı hər 3 görüşünü qələbə ilə başa vurub. Zlatko Daliçin baş məşqçi olduğu komanda Nigeriyaya 2:0, Argentinaya 3:0, İslandiyaya 2:1 hesabı ilə qalib gələrək, 9 xalla qrup lideri olub. Danimarka isə C qrupundakı matçlarında Perunu 1:0 hesabı ilə yendikdən sonra Avstraliya ilə 1:1, Fransa ilə 0:0 hesablı heç-heçə edib və 5 xalla 2-ci yeri tutub.

Bu komandalar final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər.

DÇ-2018, 1/8 final

1 iyul

18:00. İspaniya - Rusiya

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Kleman Turpen, Nikolya Dano (hər ikisi Fransa)

Moskva, "Lujniki" stadionu

22:00. Xorvatiya - Danimarka

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres, Eduardo Kardozo (hər ikisi Paraqvay)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu

İspaniya - Rusiya və Xorvatiya - Danimarka görüşlərinin qalibləri 1/4 finalda bir-biriləri ilə üz-üzə gələcəklər. İlk 1/4 final cütü isə iyunun 30-da müəyyənləşib: Fransa - Uruqvay.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru