Yaxşı ki, “Qarabağ” “Fənərbaxça” ilə bir qrupa düşmədi
1-09-2018, 11:15

Püşkatmanın nəticəsinə görə bəxtimizdən gileylənməyək
Bir az rahat nəfəs almaq olar... “Qarabağ”ı deyinə-deyinə, tənqid edə-edə və həm də “sən bunu bacararsan” öygüsüylə Avropa Liqasının qrup mərhələsinə göndərə bildik.
Sonadək bəlkə də buna tam inanmırdıq da, baxmayaraq ki, pley-offda rəqib “Qarabağ”dan heç də güclü deyildi. Amma heyətlə bağlı problem olduğundan ən pis varianta da psixoloji olaraq hazırlaşmışdıq.
Həmin qələbə gecəsi isti-isti emosiyalarla yazdığım “Nə yaxşı varsan, ”Qarabağ"" yazısından bəzi sitatları qəzet oxucuları və tarix üçün dərc etmək istədim. Sitat: “”Qarabağ" bu gecə oynadı! Oyandı! Hətta dirildi! Hamını bir daha “Qarabağ”ın hələ meydandan çəkilməyəcəyinə inandırdı..."
Həmin axşam görünür, həm də qələbənin yaratdığı emosiyadan klubun oyunçularından birinin azarkeşlərdən narazılığına cavab da vermişdim, amma ad çəkmədən, yenə də adını xatırlatmıram. Çünki bu cür münasibət yanlış hesab edirəm. Sitat: “Stadiona az azarkeş gəlməsindən narazılıq edənləri anlamaq çətindir. Bu xalqı qələbəyə tamarzı qoymaq olmaz, bu xalqı qələbədən məhrum etmək olmaz! Niyə azarkeş yox, xalq deyirəm? ”Qarabağ" yalnız azarkeşlərin klubu deyil! “Qarabağ”a heç həyatında futbola baxmayan evdar xanım da, nəinki stadionda, heç televizorda oyuna baxmağa zamanı olmayan dülgər də, bənna da, hətta nazir də biganə deyil. Amma Qarabağ adı varsa, hamı qələbə gözləyir. Bunu anlamaq lazımdır, hərdən çox çətin olsa da, olduğu kimi anlamaq! Anlamayan varsa, gedib başqa klubda oynasın... “Qarabağ” bizim meydandakı vətənimizdi, onun zəif oyunu canımızı ağrıdır, uğuru isə gözümüzü yaşardır. “Qarabağ”, sadəcə, klub deyil, “Qarabağ” bizim gələcəyə olan ümidimizdir, Qarabağı görməyən gənclərin oraya gedən döyüş yoludur, “Qarabağı unutma!” devizidir, düşmənlərimizə verilən göz dağıdır!"
***
“Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi bu kluba çox lazım idi, azarkeşə də, azarkeş olmayana da, AFFA-ya da, Azərbaycana da... Mən bu sətirləri yazarkən Monakodakı püşkatma hələ başlamamışdı, amma rəqiblərin kimlər olması artıq o qədər də önəmli deyil. Əsas odur ki, qrupdan kənarda qalmadıq, bundan sonrası Qurban Qurbanovun və klubun öhdəsindədir. Biz bir çox miqyaslı çempionatları milli komanda olaraq illərdir kənardan izləyirik. Gələn il isə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Necə ola bilərdi ki, bu il həmin turnirə kənardan baxaydıq? Gücümüz yetsə, 1/16-ya keçməyi bacarmalıyıq, ondan sonrasına... ondan sonra baxarıq... Sevindiricidir ki, qrup mərhələsinə vəsiqə qazanan kimi “Qarabağ” millimizin yarımmüdafiəçisi Araz Abdullayevi heyətinə cəlb edib, onunla 3 illik müqavilə imzalanıb.
“Bakı-2019"-Avropa Liqasının loqosu təqdim olundu
Avqustun 31-də Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmadan öncə isə “Bakı-2019" UEFA Avropa Liqasının loqosunun təqdimatı olub.
Loqoda UEFA Avropa Liqasının kuboku Bakının arxitektura nümunələrinin fonunda təsvir olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə olunub. Xeyirli olsun...
İlgili resim
“Qarabağ”ın qrupdakı rəqibləri məlum oldu
Əvvəlcə 48 komanda 4 səbətə bölünüb. Püşkatmanın nəticəsinə görə “Qarabağ” E qrupunda mübarizə aparacaq.
“Arsenal” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
“Vorskla” (Ukrayna)
“Qarabağ”ın Türkiyə klubları ilə bir qrupa düşməməsinə sevindim. Biz beləyik axı, görəcəkdin ki, “Fənərbaxça” ilə oyunda Azərbaycandakı “fənərlilər”lə “Qarabağ”ın azarkeşləri tutaşdı. Arzuolunmaz mənzərələr üzə çıxacaqdı, əsəblərimiz korlanacaqdı. Yaxşı ki, hər şey belə yekunlaşdı. Daha doğrusu, yaxşı başladı.
“Arsenal” İngiltərənin ən nüfuzlu klublarından biridir və onlarla qarşılaşma “Qarabağ” üçün yaxşı təcrübə olacaq. “Sportinq” əvvəlki şöhrətini itiribmiş kimi görünür və onlarla oynamaq və hətta 4 xal qazanmaq mümkündür. Ukraynanın “Vorskla” klubu haqda məlumatları sonralar əldə edəcəyik. Məncə, bəxtimizdən gileylənməyək. Bu qrupdan çıxmaq “Arsenal”ın adına görə indi bir az qeyr-real görünə bilər. Amma hələ indidən də pessimizmə qapanmağa gərək yox. Hələ bir oynasınlar görək bu “Arsenal”ın topu-tüfəngi bizi “vura” biləcəkmi?
İlgili resim
Digər qruplar belə formalışıb:
A qrupu
“Bayer” (Almaniya)
“Lüdoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
AEK (Larnaka, Kipr)
B qrupu
“Zaltsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Leyptsiq” (Almaniya)
“Rusenborq” (Norveç)
C qrupu
“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Praqa, Çexiya)
D qrupu
“Anderlext” (Belçika)
“Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya)
F qrupu
“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)
G qrupu
“Vilyarreal” (İspaniya)
“Rapid” (Vyana, Avstriya)
“Spartak” (Moskva, Rusiya)
“Reyncers” (Şotlandiya)
H qrupu
“Latsio” (İtaliya)
“Marsel” (Fransa)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Apollon” (Kipr)
I qrupu
“Beşiktaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)
J qrupu
“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Lyej, Belçika)
“Akhisar Belediyespor” (Türkiyə)
K qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Astana” (Qazaxıstan)
“Renn” (Fransa)
“Yablonets” (Çexiya)
L qrupu
“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Borisov, Belarus)
“Videoton” (Macarıstan)
Uğurlar, “Qarabağ”...
Nazim Sabiroğlu,
“Yeni Müsavat”