Azərbaycanlılar futbolçunun qətlinə görə ermənilərdən qisas almağa hazırlaşır
20-04-2015, 16:16
Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalov rayonunun Alpinistov küçəsində yerləşə kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emin Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.
Aparılan araşdırmalara zamanı məlum olub ki, insident zamanı daha bir nəfər yaralanıb. Adı açıqlanmayan həmin şəxs mübahisə edənlərin yanında olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.
Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib: "Şahidlər hadisə baş verən zaman Tiqranın qardaşı Andranikin də orda olduğunu söyləyiblər. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlamışdı. Bir nəfər barəsində isə axtarış vermişdi. Son olaraq Tiqran Çiçakyan adlı şəxs barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslər isə sərbəst buraxılıb".
* * *14:13
“Yekaterinburq şəhərinin Çkalov rayonunda Azərbaycan mətbəxi restoranı var. Aprelin 19-da səhər saat 04:30 radələrində 6 ermənidən ibarət bir kampaniya həmin restorana gəlib.
Restoranda Azərbaycan musiqisi səslənən ermənilər oradakı müştərilərə sataşmağa başlayıblar. Az sonra isə açıq təhqirə keçərək insanları milli mənsubiyyətinə görə aşağılayıblar. Nəticədə dava başlayıb. Ermənilər özləri ilə gətirdikləri bıçaq və dəyənəkləri işə salıblar. Soydaşımız Emil Hüseynov da bu dava zamanı öldürülüb”.
Bu sözləri virtualaz.org saytına açıqlamasında Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan icmasının rəhbəri Şahin Şıxlinski deyib.
Şahin Şıxlinskinin sözlərinə görə, Azərbaycan diasporunun rəhbərliyi və Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunun rəhbərliyi baş verən dava-dalaş barədə dərhal məlumatlandırılıb.
Diaspor lideri onu da bildirib ki, Yekaterinburq şəhərində yaşayan azərbaycanlı gənclər erməni diasporundan qisas almağa qərar verib: “Mən artıq Çkalov rayon daxili işlər şöbəsində olmuşam.Emil Hüseynovun qətlində iştirak etmiş 6 ermənidən 5-ni orada öz gözlərimlə gördüm. Hamısı saxlanılıb. Yalnız biri qalıb. İndi isə cinayəti törədib qaçan 6-cı erməninin axtarışı gedir.
Mən və Yekaterinburqdakı baş konsulumuz azərbaycanlı gəncləri qisas fikrindən zorla çəkindirməyə çalışırıq. Biz gənclərimizi erməni təxribatına uymamağa çağırırıq. Bu gün 1000 nəfərə qədər azərbaycanlı gənc bir yerə toplaşmışdı. Onlar ermənilərdən Emilin qisasını almaq istəyir. Onları dilə tutaraq dağılışmağa zorla razı sala bildik. Şəhərdə milli zəmində toqquşmaların baş verməməsi üçün əlimizdən gələni edirik. Çünki inanırıq ki, şəhərin hüquq-mühafizə orqanları cinayətkarların layiq olduqları cəzanı alması üçün əlindən gələni edəcək”.
Ş.Şıxlinski sonda onu da dedi ki, E.Hüseynovun cənazəsi bu gün axşam Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq.
Virtualaz.org
* * *13:32
Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.
Məlumata görə, Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər.
Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə soxub. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.
Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. Altıncı erməni isə hazırda axtarılır. Mərhumun cənazəsi bu gecə saat 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib (ANS PRESS).
* * *12:03
Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında dünyasını dəyişib.
"Report"un əldə etdiyi məlumata görə, E.Hüseynovun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq Rusiyaya işləməyə yollanıb.