Ordu generaliteti təmizlənir - 4 general getdi
28-11-2015, 22:32
Xəbər verdiyimiz kimi, noyabrın 25-də Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.AzNews.az-a daxil olan məlumata görə, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunub.
Onu da bildirək ki, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.
Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirilib.
Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasovdur. M.Almasov bu ilin avqust ayında yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.
Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun da ordu sıralarından çıxarıldığı bildirilir. F.Cəbrayılov da bu ilin avqust ayında postundan uzaqlaşdırılmışdı.
Ordu sıralarından təxris olunan digər general isə Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovdur. R.Hüseynov isə 2013-cü ildə Artilleriya Qoşunlarının komandanı vəzifəsi ilə vidalaşmışdı.