Nardaranda saxlanılanlar var - Natiq Kərimov

7-12-2015, 21:19           
Nardaranda saxlanılanlar var - Natiq Kərimov
Hüquq-mühafizə orqanlarının 1 dekabr tarixindən etibarən Bakının Nardaran kəndində başlatdığı xüsusi əməliyyat hələ də davam etməkdədir.

Bunu hafta.az-a açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, qəsəbədə həbslər hələ də davam etməkdədir:

“Nardaranda hər gün əməliyyat, həbslər olur. Saxlanılanlar var. Kənd sakinləri polisə heç bir müqavimət göstərmirlər. Günü bu gün də əməliyyat davam etməkdədir. Hazırda kənddə gərginlik hökm sürür. Qəsəbədə qaz, işıq yoxdur. "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri hazırda kənddə işləyirlər. Onlar kənd sakinlərinə bildiriblər ki, burada işığın və qazın nəqli üçün işlərini davam etdirirlər”.

Əməkdaşımızın verdiyi xəbərə görə, 1 dekabrda Nardaran kəndinin giriş və çıxışına qoyulan polis postları hələ gə götürülməyib. Polislər qəsəbəyə yalnız Nardaran qeydiyyatı olan şəxsləri buraxırlar.

Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində dövlət qeydiyyatından keçməyən “Müsəlman Birliyi Hərəkatı"nın 14 nəfər üzvü saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla, 7 nəfər həlak olub.

Saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.