Dilçi alimdən Elçin Əlibəyliyə cavab: - “Əbləh...”
12-12-2015, 11:36
“Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında MTRŞ-nin Dilçilik İnstitutu ilə birgə sentyabr-oktyabr aylarında apardığı monitorinqlərin nəticələri ötən gün keçirdiyimiz mətbuat konfransında açıqlandı. Tənqidlərdən nəticə çıxaracaqlarına söz verən ağıllı aparıcılarımız da oldu, Feysbuk səhifəsində öz “əbləhlik və debilliyini” faş edən də.
Gecce.az xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Şahlar Məmmədov öz Feysbuk səhifəsində yazıb. Ş.Məmmədov tanınmış aparıcı Elçin Əlibəylini ona irad tutan dilçi alimlərin ünvanına yazdığı statuslara görə sərt tənqid edib:
“Söhbət hələ on il öncə ”Televiziya tənqidi” mövzusunda dissertasiya yazaraq elmlər namizədi alimlik dərəcəsi almış teleaparıcı Elçin Əlibəylinin Dilçilik İnstitutuna, xüsusən monitorinqlərin nəticəsini açıqlayan xanım əməkdaşlarımızın ünvanına yazdığı ədəbsiz ifadələrdən gedir. İki peşəkar dilçi xanım Elçin Əlibəylinin nitqində bir neçə qüsur aşkar edib. Adam bundan qeyzlənərək Feysbuk səhifəsində nə az, nə çox - düz üç status yazıb. Necə deyərlər, özü özünün qərəzli, təkəbbürlü, cahil və ədəbsiz bir teleaparıcı olduğunu sübut edib. Adam qərəzlidir, çünki yazdığı ittihamların heç biri həmin xanımlara aid deyil. -Varı şəkilçisini -vari şəklində təsdiq etmiş qurum Nazirlər Kabinetidir və sözlükdəki xətalara görə dilçilərimizin hamısı məsuliyyət daşımır. Yazır ki, Dilçilik İnstitutu 20 ildir ki, reklamlara, küçə yazılarına göz yumur! Savadsızlığın dərəcəsinə bir baxın! İki cümləlik bir statusda fikirlərini düzgün ifadə edə bilməyən və dil normalarını kobud şəkildə pozan bir aparıcı bununla nə demək istəyir? Niyə məhz 20 il? Adam reklamlardakı dil qüsurlarını nəzərdə tutursa, birdəfəlik anlamalıdır ki, biz qüsurları aşkar edən və lazımi qurumlara bununla bağlı irad və təkliflərimizi çatdıran, problemin həlli yollarını göstərən, yəni, tövsiyyə verən tərəfik. Görünür, Monitorinq şöbəsinin bu istiqamətdə gördüyü çoxsaylı konkret işlərdən bu adamın xəbəri yoxdur. Əgər xəbəri olsaydı, anlayardı ki, söhbət heç də Plotnikovun adına "niyə küçə var"dan getmir, Vladislav Plotnikovun adının dəqiq yazılışından və bu adın altında asılmalı olan məlumat lövhəciyindən gedir.
Qısası, bu adamın haqlı tənqidlərə dözümsüz yanaşması, tənqidlərdən nəticə çıxarmaması özünün ziyanınadır. Onun monitorinq zamanı aşkar edilmiş dil qüsurlarını burda bir-bir yazmağa ehtiyac qalmır. Məncə, Feysbuk səhifəsində yol verdiyi çoxlu dil xətalarını görmək yetərlidir. “Heyif” sözünü “heyf” şəklində yazan birisinə bu qədər vaxt ayırmağa dəyərmi? Müqayisə üçün sizə Azər Axşam və Turan İbrahimovun fikirlərini çatdırırıq. Fərqi - əxlaq və dilimizə sayğını dərhal hiss edəcəksiniz!
Azər Axşam: “MTRŞ-ın qərarı ilə razıyam. Azərbaycan dilində düzgün danışmaq və təbliğ etmək lazımdır. Təbii ki, nöqsanlar var və yavaş-yavaş düzəlməlidir. Dilimizdə vərdişə çevrilmiş sözlər var, onları düzəltməyə çalışırıq. Məsələn, musiqi gəlsin yox, musiqi səslənsin və s. deməliyik. Sözləri düzgün istifadə etmək lazımdır. Vaxtilə şou-proqramlarda aparıcılıq etdiyimizə görə bəzi loru sözlər danışıq dilimizə daxil olub. Tənqid olmasa inkişaf da olmaz”.
Turan İbrahimov: “ATV səhər” verilişində səhərlər iki saat efirdə oluram. Reklam və s. var. Biz də insanıq. Müəyyən dil sürüşmələri olur. Danışıb, sonra düzəltmək imkanımız yoxdur. Amma Azərbaycan ədəbi dilinin ümumi televiziya məkanında doğru ifadə olunması ilə bağlı monitorinq aparanların (!) tənqidlərini qəbul edirəm. Bundan sonra daha məsuliyyətli olmağa çalışacağıq”.
Qeyd edək ki, Elçin Əlibəyli monitorinqin nəticələri açıqlandıqdan sonra ona irad tutan dilçilərin ünvanına bu statusları paylaşıb:
“Bir lüğətdə "varı" və "vari" yazan Dilçilik Institutunun əməkdaşlarıdır. Əməklərinə eşq olsun!”
“Dilçilik İnstitutu adlanan qurum iyirmi ildir, reklamlara, küçə yazılarına göz yumur! Qarabağ şəhidimiz Plotnikovun adına "niyə küçə var" deyən debillər yığnağıdır o institut! Heyf, Nəsiminin adına...”
“Dili bilmirlər, lüğətdə ağzına gələni yazırlar, mənim nitqimdə qüsür tapırlar. Gedin "c"larınızı düzəldin, əbləhlər! Mənim dilimdə qüsur tutanın başqa yerində qüsur var”.