Polisləri bıçaqlayan Babayev, yenə silahlı müqavimət göstərib və zərəsizləşdirilib

13-02-2022, 16:56           
Polisləri bıçaqlayan Babayev, yenə silahlı müqavimət göstərib və zərəsizləşdirilib
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub. Daxili İşlər Nazirliyindən yerli KİV-lərin sorğusuna cavab olaraq bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

Hadisə yerindən Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev tanışı Məlahət Şükürovanı qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.

Daha sonra hadisə ilə bağlı həmin ünvana gedən Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

***

10:39

Bakıda iki polis əməkdaşı bıçaqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən saat 17:00 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək bildirib ki, tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri alıb.

Məlumatla əlaqədar Çevik Polis Alayının iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedib. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.

Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.