Sumqayıt bələdiyyəsində həbs kabusu: Əbülfəz Babayev dalınca kimi aparacaq?
19-05-2016, 09:06
Ölkəmizin 3-cü ən böyük şəhəri olan Sumqayıtda keçmiş bələdiyyə sədri Əbülfəz İsmayıl oğlu Babayevi tanımayan yoxdur. Belə ki, bu adam 10 il Sumqayıt Şəhər Bələdiyyəsinə sədrlik edib. Amma aparılan araşdırmalar göstərir ki, Əbülfəz Babayevin Sumqayıta və şəhər camaatına bu illər ərzində heç bir xeyri dəyməyib. Bu barədə az sonra ətraflı danışacağıq.
Məlumat üçün qeyd edək ki, hələ Əbülfəz Babayev vəzifə başında olarkən onun korrupsiya əməlləri ölkə ictimaiyyəti üçün açıqlanıb, hətta Sumqayıt Şəhər Bələdiyyəsinin üzvləri bir neçə dəfə Əbülfəz Babayevin bələdiyyə sədri postundan istefa verməsi üçün bələdiyyənin ümumi yığıncağını keçirib və həm onun özünə, həm də müvafiq dövlət qurumlarına müraciət ediblər. Lakin nədənsə buna nail ola bilməyiblər. Görünür, hansısa maraqlı qüvvələr israrla Əbülfəz Babayevin bələdiyyə sədri postunda qalmasında maraqlı olub. Amma nəticədə Babayevin himayədarları onu sonadək qoruya bilmədi və ötən ilin sonlarında bu şəxs vəzifəsi ilə vidalaşmalı oldu. Amma bununla məsələ bitmir. Belə ki, cumhuriyyet.az-a daxil olan informasiyaya görə, Əbülfəz Babayev bələdiyyəyə rəhbərlik etdiyi illərdə dövlət tərəfindən ayrılan dotasiyaları, eyni zamanda yerli özünüidarə orqanının büdcəsinə yığılan vergi vəsaitlərini öz bildiyi şəkildə xərcləyib. Bu səbəbdəndir ki, Ə.Babayev vəzifədən kənarlaşdırılmaqla yanaşı Sumqayıt Şəhər Prokurorluğunda onun haqqında cinayət işi qaldırıldı və şəhər bələdiyyəsində onun fəaliyyətinin araşdırılması üçün də komissiya yaradıldı. Komissiyanın fəaliyyəti və əldə olunan nəticələr haqda məlumat almaq üçün hələ vəzifədə olarkən Ə.Babayevin korrupsiya fəaliyyətinin ifşasında xüsusi fəallıq edən və bu gün də sözügedən komissiyanın sədri Yusif Salmansoyla əlaqə saxladıq. Yusif bəy cumhuriyyet.az-a açıqlamasında komissiyanın yaradılması faktını təsdiqlədi: “Bəli belə bir komissiya yaradılıb. Əbülfəz Babayevin son illər fəaliyyəti elə bir həddə idi ki, onun vəzifədən uzaqlaşdırılması ilə kifayətlənmək olmaz. Münki milyon manatlarla dövlət vəsaiti mənimsənilib və buna görə cavab verilməlidir”. Yusif bəy bizimlə söhbətində baş verən qanunsuzluqlarda, maliyyə pozuntularında Ə.Babayevin tək məsul şəxs olmadığını da bildirdi: “Sözsük ki, bələdiyyə sədri kimi, Əbülfəz Babayev əsas günahkardır. Amma bu işdə o tək deyil. Məsələn, bələdiyyə sədrinin katibi Akif Kərimovun da ciddi məsuliyyəti var. Azərbaycan prezidentinin 10 fevral 2010-cu il tarixli sərəncamı ilə bələdiyyə vəsaitləri təyinatı və məbləği dəqiq göstərilməklə bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə istifadə oluna bilər. Xərclənən maliyyə vəsaitlər haqda bələdiyyənin ümumi yığıncağının gündəliyinə çıxarılmadan, bələdiyyə üzvlərindən gizlin sədr sonradan yığıncağın protokoluna əlavələr edilmiş və Ə.Babayev və katib A.Kərimov tərəfindən imzalanmışdır. Əbülfəz Babayev və Akif Kərimov əlbir olaraq faktiki sənədləri saxtalaşdırıb, Bakıya, Ədliyyə Nazirliyinə saxta, özlərinin artırmaları ilə sənəd göndəriblər. A.Kərimov da bu sənədlərə imza atıb və buna görə məsuliyyətdən kənarda qalmamamalıdır. Komissiya bütün bu məsələləri araşdırır və hazırda araşdırma davam etdiyindən əlavə məlumatlar sonra veriləcək”.
Bildirək ki, Əbülfəz Babayevin sədrliyi dövründə fiziki şəxslərdən yığılan torpaq və əmlak vergisinin, fiziki və hüquqi şəxslərdən icarə haqqının, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlərin, avtodayanacaq ödənişlərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hara xərcləndiyi məlum olmayıb. Belə ki, cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, sadalanan obyektlərdən yığılan vergilər bələdiyyənin büdcəsinə keçirilməyib. Sədr yığılan vergiləri sənədlərdə tam məbləğdə göstərməyərək öz istəyinə nail olub. Bu səbəbdən Sumqayıt bələdiyyəsində Əbülfəz Babayevin dövründə hər il büdcə kəsirləri üzə çıxıb. Bundan başqa, 2013-cü ilin birinci yarımilliyi ərzində yerli büdcənin gəlirləri 735066 manat olub. Bunun 69876 manatı torpaq vergisi, 11136 manatı əmlak vergisi, 131535 manatı icarə haqqı, 77858 manat torpaq alqı-satqısı, 9430 manatı avtodayanacaq rüsumları, 150000 manat bankdan alınmış kredit, 15231 manatı isə digər ödənişlərdən əldə edilib. Dövlət büdcəsindən isə 270000 manat dotasiya verilib. Yığılan vəsaitlərin yarısı büdcəyə keçirilib, yarısının isə aqibətindən xəbər yoxdur. Dövlət büdcəsindən verilən dotasiyanın hara xərclənməsi də naməlumdur. Bundan başqa, o əlindəki səlahiyyətlərdən istifadə edərək Sumqayıt şəhərində böyük biznes şəbəkəsi yaratmağa müvəffəq olub. Məlumata görə, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən ticarət obyektlərinin bir çoxu keçmiş bələdiyyə sədrinə məxsusdur. Vəzifədə olduğu müddətdə ancaq özü və yaxın qohumları üçün işləyən Əbülfəz müəllim biznes obyektlərinin sayına görə ölkənin ən iri oliqarxları ilə eyni səviyyədə dayanır. Sülh küçəsindəki avtoservislərin, restoranların əksəriyyəti ona məxsusdur. Bu məsələ ilə bağlı, cumhuriyyet.az-a o da məlum olub ki, Əbülfəz Babayevin MTN-in həbsdə olan generalı Akif Çovdarovla yaxın əlaqələri olub. Bu əlaqələrin qurulmasında əsas vasitəçi Əbülfəz Babayevin müavini Akif Abbas oğlu Kərimov olub. Əldə etdiyimiz məlumatlara görə, 1954-cü ilin iyun ayının 22-də Gürcüstan Respublikası Marneuli rayonunun Təzəkənd kəndində anadan olan Akif Kərimov Akif Çovdarovun yaxın qohumu olub: «O 2002-ci ildən Sumqayıt Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışıb və yerli büdcə məsələləri komissiyasının sədridir. Deyilənə görə, müavini vasitəsilə generalla münasibət yaratmağı bacaran sabiq bələdiyyə sədri Akif Çovdarovun Sumqayıtdakı bütün kirli işlərində ona yardımçı olub. Başqa sözlə desək, MTN generalının şantaj etdiyi şəxslərə sabiq bələdiyyə sədri də təzyiq göstərib. Akif Çovdarovun həbsindən sonra isə həm Əbülfəz Babayevin, həm də Akif Rəhimovun «xod»u alınıb». Mötəbər mənbələr bildirirlər ki, ayağında 10 milyonlarla yeyinti olan Sumqayıt bələdiyyəsinin keçmiş sədri ilə bağlı zəruri materiallar hazırda prokurorluq orqanlarında araşdırılır: «Onun vəzifədə olarkən törətdiyi qanunsuz əməllərə yəqin ki, yaxın vaxtlarda hüquqi qiymət veriləcək. Əbülfəz Babayev elə hesab edir ki, vəzifəsini təhvil verməklə işi bitib. Amma əsas məsələ bundan sonrasıdır. O 10 il ərzində qeyri-qanuni yolla əldə etdiyi bütün mülkləri dövlətə qaytarmalı olacaq. Keçmiş sədrin həbs təhlükəsi gündən-günə daha da yaxınlaşır».
Araşdırmalarımız davam edir. Yazını daha kəskin faktlarla genişləndirəcəyik. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Maraqlıdır ki, ayağında on milyonlarla yeyinti olan, adı bir sıra qalmaqallarda hallandırılan keçmiş bələdiyyə sədri hələ də həbs olunmur. Görəsən, onun həbsini hansı sehirli qüvvələr əngəlləyir. Bu haqda növbəti yazımızda tükürpədən faktları açıqlayacağıq.