Astarada güllələnən 3 yaşlı uşaqla bağlı son xəbər
14-11-2016, 16:19
Astarada 4 yaşlı qardaşı tərəfindən güllələnən 3 yaşlı Güloğlan Zahirzadə Astara rayon Mərkəzi Xəstəxanasından Lənkəran şəhər Mərkəzi Xəstəxanasına köçürülüb. Bu barədə Trend-ə Astara rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, azyaşlı qarın boşluğunun güllə yarası ilə xəstəxanaya gətirilsə də, sonradan o, Lənkəran Şəhər Xəstəxanasına göndərilib: "Xəstə müayinə olundu. Məlum oldu ki, qarın boşluğundan daxil olan güllə bağırsağı iki yerdən yaralayıb. Müayinədən sonra xəstə Lənkəran Şəhər Xəstəxanasına göndərildi".
Lənkəran şəhər Mərkəzi Xəstəxanasından isə Trend-ə deyiblər ki, 2013-cü il təvəllüdlü G.Zahirzadə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olub və dərhal əməliyyat edilib: "Xəstə "qarın nayihəsinin ön divarının tir gülləsilə deşilməsi" diaqnozu ilə xəstəxanaya daxil oldu və dərhal əməliyyata götürüldü. Əməliyyat normal keçib və xəstə palataya yerləşdirilib. Hazırda vəziyyəti sabiq ağırdır".
Xatırladaq ki, noyabrın 13-də Astara rayonunun Siyəkü kəndində kənd sakini, 2012-ci il təvəllüdlü Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 2013-cü il təvəllüdlü, qardaşı Güloğlanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.