Həyat yoldaşını “zorladığına» görə həbs edilənin atası danışdı - "İstintaq dövründə mənimlə “alver” edirdilər"
10-04-2015, 16:41
“Oğlum Nicat Nəsirovu həyat yoldaşı Ş.T.Nəsibova şərləyərək həbs etdirib. Belə ki, o, Binəqədi Rayon Prokurorluğuna müraciət edərək oğlum tərəfindən zorlandığını iddia edib. Haqqında cinayət işi açılan oğlum Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib”.
Bu barədə redaksiyamızda olan Bakı şəhəri, Binəqədi rayon sakini Nəsirov Cəlil Fərman oğlu məlumat verib: «Başqa çıxış yolum qalmadığı üçün sizə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmələrin ədalətsiz qərarları məni çarəsiz qoyub. Artıq özümə qəsd etmək vəziyyətinə çatmışam. Şər-böhtanla oğlumu həbs etdirən şəxsə məhkəmə indi də evimdə yaşamaq hüququ verir».
C.Nəsirovun sözlərinə görə, 2012-ci il sentyabr ayının 2-də oğlu Nicata el adəti ilə toy edərək Füzuli rayonunun Aşağı Rəfədinli kəndindən məcburi köçkün Nəsibova Şəbnəb Tofiq qızını evinə gəlin gətirib: «Ailəmizin qara günləri də bundan sonra başladı. Gəldiyindən cəmi beş gün sonra Şəbnəb evdə rahatlığımızı pozmağa başladı. O, hər gün səbəbsiz yerə söz-söhbət salır, oğlumla mübahisələr edirdi… Bütün bunlara görə noyabrın 15-də, yəni toydan cəmi iki ay sonra Şəbnəmin atasını, anasını və qardaşını evimə dəvət edib, vəziyyəti, yəni qızlarının səbəbsiz yerə hər gün dava-dalaş saldığını danışdım. Yeganə oğlumuzun xoşbəxtliyi bizim üçün hər şeydən vacibdir. Ona görə onlardan xahiş etdim ki, Şəbnəmi başa salsınlar, ailədə mehriban olsun. Lakin bunun bir faydası olmadı. Əksinə, Şəbnəm evdən getdi, onun qardaşları isə oğlum Nicatı bir neçə dəfə çağirib ölümlə hədələdilər. İş o yerə çatdı ki, Nicat Binəqədi Rayon Polis İdarəsinə müraciət etməyə məcbur oldu.
“Şəbnəm bu gecə bu evdə qalmalıdır, yoxsa Nicatı şərləyib 15 il verdirəcəm”
…2012-ci il dekabrın 24-də axşam Şəbnəm, anası bir neçə qohumu ilə bizə gəldilər. Anası Sahibə hədə-qorxu gələrək “Şəbnəm bu gecə bu evdə qalmalıdır, yoxsa Nicatı şərləyib 15 il verdirəcəm” dedi və Şəbnəmi zorla bizdə qoyub gecə saat 2-də getdilər. Həmin gün qardaşım, qardaşım oğlu və qaynım da bizim evdə idilər. Nicat Şəbnəmlə bir otaqda qalmadı… Səhərisi güclü əsəb keçirdiyi üçün Nicatın ürəyi tutdu. Bir neçə dəfə təcili yardım gəldi. Şəbnəmlə bir yerdə qalmağı qeyri-mümkün olduğundan Nicat 26 dekabrda Mingəçevirə getdi. Şəbnəm isə 7 yanvar 2013-cü ilə qədər bizdə qaldı. Sən demə, bütün bunlar əvvəlcədən qurulmuş plan imiş.
Bir gün eşitdik ki, Şəbnəm 8 yanvar 2013-cü ildə noyabırın 15-dən dekabrın 24-nə kimi Nicatın onu zorlaması barədə ərizə ilə Binəqədi rayon prokurorluğuna müraciət edib. Bu ağ yalan bizi dəhşətə gətirdi. Çünki Şəbnəm həmin tarixlərdə, ümumiyyətlə, bizdə olmayıb. Buna baxmayaraq, həm istintaq, həm də məhkəmə Şəbnəmin və onun ailəsinin təzyiqlərindən, hücumlarından çəkinərək oğlum Nicatı 6 il müddətinə həbs etdi.
Onu da qeyd edim ki, istintaq dövründə Şəbnəmgil mənimlə “alver” edirdilər. Onlar Nicatın tutulmamağının qarşılığında məndən ev istəyirdilər. Oğlumun şərləndiyini bilsəm də, onun taleyindən narahat olduğumdan (məhkəmə zalında dəfələrlə təhqir, qışqırıq etsə də, hər dəfə hakimlər buna göz yumurdu) onların şərti ilə razılaşmışdım. Belə ki, onların bəyənməsi üçün dörd müxtəlif evə baxıldı. Lakin onlar həmin evlərdən müxtəlif bəhanələrlə imtina etdilər. Ancaq sonda əsas məqsədlərini bildirərək, öz evimi onlara verməyimi tələb etdilər.
Məsələ bununla bitmədi. Nicatın məhkəməsi sona çatan kimi Şəbnəm evimdən istifadə hüquqlarının tanınması üçün məhkəməyə müraciət etdi. Dəhşətlisi də budur ki, həm Binəqədi Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə zorlanma maddəsi ilə oğlumu şərləyərək həbs etdirən, cəmi iki ay evimdə yaşayan, ailəmizin qəsdinə duran şəxsin evimdən istifadə hüquqlarını tanıdı.
Mən əliqabarlı fəhləyəm. 2004-2008-ci illərdə min bir zəhmətlə Sulutəpə qəsəbəsində 5 otaqlı ev tikdim. Yəni, Şəbnəmlə oğlum evlənəndə artıq evimiz var idi. Oğlumun həbsinə hökm verən məhkəmə, əmlakımı da əlimdən alır. Həyat yoldaşım ağır əsəb xəstəliyinə düçar olub. Mənim isə bütün bunlara tab gətirməyə taqətim qalmayıb. Son günlərə qədər belə bir nəticənin ola biləcəyinə inanmaq istəmirdim. Lakin artıq əlim hər yerdən üzülüb. Ailəmiz sözlə ifadə edilməsi mümkün olmayan şərlə üz-üzə qalıb. Bu səbəbdən də ailəlikcə özümüzü yandırmaqdan başqa çıxış yolumuz qalmayıb”.
C.Nəsirovun sözlərinə görə, keçmiş gəlini cəzaçəkmə müəssisəsində olan oğlu Nicatla daim görüşməyə cəhd edir: “Nicatla Şəbnəmin izdivacından 1 övladı var. Şəbnəm aliment tələbi ilə də məhkəməyə müraciət edib”.
C.Nəsirov oğlunun qanunsuz həbsi ilə əlaqədar, prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya, həmçinin millət vəkilləri İqbal Ağazadəyə, Fazil Mustafa və Çingiz Qənizadəyə də müraciət edib.
C.Nəsirov sonda ailəsinin başına gətirilənləri, məhkəmələrin sözügedən məsələlərlə bağlı ədalətsiz qərarlarını ictimailəşdirməyimizi xahiş etdi.
Daha geniş yazı «Təzadlar»ın 14 aprel tarixli sayında dərc ediləcək.
Təəssüflər olsun ki, qarşı tərəf olan Ş.Tofiq qızı ilə əlaqə saxlamaq cəhdimiz baş tutmur… Onun da mövqeyini dərc etməyə hazırıq.