Milli Qəhrəman Koroğlu Rəhimovun anım günüdür - UNUTMARIQ!
3-07-2017, 12:08
Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anım günüdür.
SalamNews-un məlumatına görə, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub.
1972-ci ildə hərbi xidmətə gedib və xidmətini ADR-də başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.
1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı quran Koroğlunun üç övladı - Rəşad, Samir və Ülviyyədən üç nəvəsi var: Koroğlu, Mətin və Əzizağa.
1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır. 1992-ci il aprelin 30-da “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillərdə əzbər olur.
1992-ci il iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir.
Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Milli Qəhrəmanın məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Ölümündən sonra qəhrəmanlığı haqqında “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan Ordusu” və digər qəzetlərdə geniş məqalələr yazılıb.
Şəhid olduqdan iki il sonra - 1994-cü il sentyabrın 16-da prezident Heydər Əliyevin Fərmanı ilə Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Hazırda Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhrəman Koroğlu Rəhimovun anadan olub böyüdüyü Oğuz rayonunda onun adını daşıyan küçə var. Oxuduğu məktəb - hal-hazırda uşaq bağçası kimi fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kənd uşaq bağçası Koroğlu Rəhimovun adını daşıyır.
Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcək.