Əntiq tapançanı 25 min manata satmaq istədi – AZƏRBAYCANDA
4-08-2015, 12:42
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayon sakini Azər Xudaverdiyevin qanunsuz odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşları tərəfindən Azər Xudaverdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 ədəd tapança patronu aşkar edilsə də, həmin silah tapılmayıb. İlkin araşdırmalar zamanı Azər Xudaverdiyev silahı satmaq üçün Elzami adlı şəxsə verdiyini bildirib. Keçirilən növbəti əməliyyat-tədbirləri nəticəsində 33 yaşlı Yevlax rayon sakini Elzami Əliyev də polislər tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki Azər Xudaverdiyev nadir tipli tapançanın ona Böyük Vətən Müharibəsində iştirak edən babası tərəfindən yadigar qaldığını, onu uzun illər xüsusi qulluq göstərərək qoruduğunu bildirib.
Əməliyyat tədbirinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Elzami Əliyevin tapançanı satmaq niyyəti ilə verdiyi Nərimanov rayon sakini Elşad Həsənov da tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman Almaniya istehsal “Valter-P38” tipli tapança götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.