Əbülfət İmanova Hesablama Palatası şoku - Ramiz Həsənovun komitəsində təftiş başlayıb
21-04-2015, 10:39
Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlama aparır. Bu barədə “Unikal”a etibarlı mənbədən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, Palatanın apardığı yoxlamalar bu qurumda ciddi nöqsanlar ortaya çıxara bilər. Son vaxtlar Hesablama Palatasının dövlət orqanlarında genişmiqyaslı audit tədbirləri nəticəsində ortaya ciddi korrupsiya faktlarının çıxdığını və bu hallara qarşı sərt tədbirlərə əl atıldığını nəzərə alsaq, Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təftiş də buradakı yüksək çinli şəxslər üçün xeyli baş ağrısı yarada bilər.
Bu sırada xüsusilə Ramiz Həsənova yaxınlığı ilə tanınan Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdur. İddialara görə, Ə. İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir.
Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış.
Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək xarakter daşıyır.
Məlumatlarda həmçinin vurğulanır ki, Əbülfət İmanov son illərdə öz maddi imkanlarını misli görünməmiş dərəcədə artırıb. Bunun səbəbləri isə maraq doğurmaya bilməz. İstisna edilmir ki, o, geniş kapitala və əmlaka məhz yuxarıda sadalanan neqativ hallar sayəsində nail olub.
Maraqlıdır ki, Hesablama Palatasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamalara başladığına dair xəbərlərlə eyni vaxtda Ə. İmanovun Bakının mərkəzindəki mənzilini və Bakıxanov qəsəbəsindəki restoranını satışa çıxardığına dair də iddialar meydana gəlib. İstisna edilmir ki, buna səbəb yoxlamalar zamanı ortaya çıxacaq neqativ halları önləmək üçün yaranan ehtiyacları ödəmək məqsədi daşıyır.
Bununla belə, Hesablama Palatasının son zamanlar öz auditləri zamanı güzəştsizlik prinsipini daha çox işə salmasının Ramiz Həsənovun komitəsinə, xüsusilə də Əbülfət İmanova ciddi başağrısı yaratmaq ehtimalı yüksək qiymətləndirilir. Bildirilir ki, aparılan yoxlamalar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi üçün özəlliklə ağır fəsadlarla nəticələnə bilər.