3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçdi
19-07-2019, 09:14
Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, elektron qeydiyyat iyulun 19-da başa çatacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.