«Aztelekom»un «kilid adamı»: Zahir Vəliyev - İTTİHAM VAR

7-12-2015, 13:36           
«Aztelekom»un «kilid adamı»: Zahir Vəliyev - İTTİHAM VAR
“MTN işi» ilə əlaqədar prosesin əvvəlindən məlum idi ki, məsələ təkcə sahibkarların incidilməsindən ibarət deyil. Həmçinin ortada ayrı-ayrı məmurların, o cümlədən dövlət başçısının dinlənilməsi məsələsi də var. Zaman içində aydınlaşdı ki, həqiqətən də baş verən həbslər məhz bu olaya görədir.

Prosesin əvvəlində ilk həbs olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynovun konkret olaraq dinləmələrə görə saxlanıldığı aydınlaşdı. Sonradan proses Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçradı və qısa müddətdə xeyli sayda adam həbs olundu.

Lakin baş verənlər bununla da yekunlaşmadı. Ardından «Aztelekom» İstehsalat Birliyinin də rəhbərliyinin saxlanılmasına start verildi. Qısa müddətdə 10 nəfərə yaxın şəxsin həbs edildiyi açıqlandı. İlk olaraq qurumun baş direktoru Məhəmməd Məmmədov həbs olunduqdan sonra belə aydın oldu ki, ortada təkcə dinləmə problemi yox, həm də seçkilərin nəticələrini dəyişdirmək cəhdləri də var.

TEREF.İNFO-nun yazdığına görə, JAM.AZ bildirir ki, həbs olunan MTN-çilərə qarşı qaldırılan cinayət işində bu maddə də öz yerini alıb. İstintaqın gəldiyi qənaət budur ki, başda Eldar Mahmudov olmaqla, Akif Çovdarov ölkədə keçirilən seçkilərinin nəticələrinə müdaxilə ediblər. Hazırda Akif Çovdarova qarşı irəli sürülən ittihamlardan biri də məhz budur.

Amma bu zaman diqqəti çəkən bir maraqlı məqam daha var. JAM.AZ-ın araşdırmalarına görə, «Aztelekom» İB-də seçki məktəqələrində müşahidə kameralarının quraşdırılması və onlara nəzarət missiyası da sözügedən qurumla, BRTRİB-də olub. Belə ki, bu ilin avqust ayından etibarən seçkilərə qədər "Aztelekom” İB və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlər həyata keçirilib.

Rəsmi məlumatda vurğulanır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillər aparılıb və işlər görülüb.

Bütün bu prosesə əsasən iki nəfər nəzarət edib. Onlardan biri hazırda həbsdə olan BTRİB-in baş direktoru Beytulla Hüseynov, digəri isə «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyev olub. Elə rəsmi məlumatlarda da vurğulanır ki, Zahir Vəliyev seçki məntəqələrində müşahidə kameralarının quraşdırılması ilə bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verib.

Ortaya belə bir sual çıxır ki, Beytulla Hüseynovla birgə çalışan və müşahidə kameralarının quraşdırılmasına nəzarət etmiş Zahir Vəliyev necə olub ki, MTN işinə qarışmayıb və ya bu prosesdə əli olmayıb. Belə bir ehtimal var ki, Vəliyevin də dinləmə və müşahidə məsələlərində əli olub. Lakin o indiyə qədər istintaqın diqqətini çəkməyib.

«Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru Zahir Vəliyevin məsuliyyətdən kənar qalması təbii olaraq bir sıra suallar da yaradıb. Xüsusən də Aztelekom» İB-də belə bir rəy hökm sürür ki, Zahir Vəliyevin məsuliyyətdən kənar qalmasına hansısa sehrli əl yardımçı olub. Əks təqdirdə, həm «Aztelekom» İB-nin direktorunun birinci müavini, həm də «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru olaraq Zahir Vəliyevin məsuliyyətdən kənarda qalması imkansız olardı. Çünki mənbənin bildirdiyinə görə, Zahir Vəliyev baş direktoru Məhəmməd Məmmədovdan daha çox, Akif Çovdarovun dəstəsinə yaxın olub və bu dəstə məhz Zahir Vəliyevin əlaqəli şəkildə çalışdığı iddia olunur. Bu durumda Zahir Vəliyevin məsuliyyətdən kənar qalması doğurdan bir sıra sualların yaranmasına rəvac verir.

Hər şeydən əvvəl «Aztelekom» İB-də bütün texniki məsələlərə cavabdeh olan şəxsin deyil, baş direktorun həbc olunması kiminsə Zahir Vəliyevi birbaşa müdafiə edir. Qeyd edək ki, mənbə bu barədə daha ətraflı məlumata sahib olduğunu və gərəkirsə bir çox mətləblərə aydınlıq gətirə biləcəyini bildirir.

Gedişatdan da belə görünür ki, heç bir səsi-sorağı olmayan və faktiki olaraq Məhəmməd Məmmədovun həbsindən sonra «Aztelekom» İB-yə rəhbərlik edən Zahir Vəliyev "MTN işi" istintaqından də yaxasını kənara çəkə bilməyəcək. Böyük ehtimalla istintaq yaxın vaxtlarda onunla bağlı araşdırmalara başlayacaq.

Mənbə onu da qeyd edir ki, Zahir Vəliyev öz sahəsini mükəmməl bilən biridir və əgər ortada hər hansı bir dinləmə məsələsi varsa, bu prosesdən onun mütləq xəbəri olmalıydı.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.