Gömrüyün “qara kassiri” təşvişdə
10-12-2015, 21:39
Xaçmaz Gömrük İdarəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan və bu vəziyyəti şərtləndirən əsas səbəblərdən bəhs edən ardıcıl iki material dərc olunmuşdu.
Həmin yazılarda qeyd olunmuşdu ki, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovun bu vəzifəyə təyin olunmasında Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun dəstəyi və Dövlət Gömrük Komitəsi sədrinin müavini Səfər Mehdiyevin xüsusi səyləri mühüm rol oynayıb. Həmçinin məqalələrdə bu üç məmurun bir araya gəlməsinə səbəb olmuş amillərə toxunulmuşdu. Vurğulanmışdı ki, məhz bu gömrük məmurları hazırda Rusiya ərazisində şərikli taxta biznesinə sahib olmaqla, ölkəyə bu məmulatların idxalının da böyük bir hissəsini öz nəzarətlərində saxlayırlar. Bir qədər sonra alınan məlumatda isə, Səfər Mehdiyevlə yanaşı bu işlərdə Dövlət Gömrük Komitəsi sədrinin digər müavini Əsgər Abdullayevin də “əli olduğu” bildirilirdi. Bu xüsusda daxil olan yeni açıqlamada isə, Əsgər Abdullayevin öz adının dərc olunmuş materialda hallanmasından narazı qaldığı bildirilir. Mənbə iddia edir ki, Komitə sədrinin müavini mətbuata məlumat ötürən mənbənin müəyyənləşdirilməsi məqsədilə bəzi addımlar atmış və hətta ölkənin sabiq Təhsil naziri Misir Mərdanovla telefon əlaqəsi də saxlamışdır. Azər Məmmədov Misir Mərdanovun kürəkənidir. Digər tərəfdən isə, mənbə vurğulayır ki, bu məmurların aralarında həm də kifayət qədər isti dostluq münasibətləri mövcuddur. Buna dəlil kimi, mənbə Misir Mərdanovun, Əsgər Abdullayevin, Mehman Sadıqovun və Azər Məmmədovun Türkiyə sahillərində yanaşı duran yaxtalarının fonunda birlikdə çəkdirdikləri fotoşəkillərdəki görüntüləri diqqət mərkəzinə çəkir. Həmçinin mənbənin iddiasına görə, Əsgər Abdullayevin öz adının mətbu orqanı səhifəsinə çıxmasına belə həssaslıq nümayiş etdirməsi, məhz bu məmurun Dövlət Gömrük Komitəsinin “qara kassiri” kimi tanınması ilə bağlı ola bilər. Qeyd edək ki, alınan məlumatlarda müəmma xarakteri daşıması ilə, diqqətimizi bir məqam xüsusilə cəlb etdi. Mənbə bildirir ki, bu məmurlardan biri mütəmadi olaraq, Almaniyada yerləşən psixiatrik klinikalardan birini ziyarət edir.
Daha sonra mənbə verdiyi məlumatlar xüsusunda bir qədər “aşağı dairələrə” düşərək yenidən Tovuz və Xaçmaz Gömrük İdarələrinin fəaliyyətlərinə toxunur. Verilən açıqlamada bildirilir ki, Misir Mərdanovun oğlu, Rizvan Mərdanov da hazırda polis orqanlarından çıxaraq, Xaçmaz gömrüyündə Azər Məmmədovun “kassiri” kimi fəaliyyət göstərməkdədir. Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük-keçid məntəqəsində isə, Mehman Sadıqovun 25 yaşlı kürəkəni hazırda bu məntəqədə növbə rəisi kimi çalışan Ara-sıra əvəz etməklə “qiymətli təcrübə” toplamaqla məşğuldur. Eyni zamanda da iddiaya görə bu məmurlar, Tovuz Gömrük İdarəsinin məntəqələrində fəaliyyət göstərən rüsumsuz mağazalarda (Duty Free) saılan spirtli içki və tütün məhsullarını alaraq, onları Gəncə mağazalarına satmaqla məşğuldurlar. Mənbə bildirir ki, bu işdə əsas funksiyanı “Qırmızı körpü” gömrük-keçid məntəqəsinin rəisi Nazim Sultanovun müavini Arzu həyata keçirir. Bu işlərin məhz Arzuya tapşırılması isə, onun özünün də əslən Gəncədən olması ilə izah olunur...\bizimdovr\