Yasamal işıq idarəsində insident

16-12-2015, 15:34           
Yasamal işıq idarəsində insident
Bakının Yasamal rayon sakinləri Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşlarının oyununa düşüblər. Bu barədə bizimdovr.az-a yeni daxil olmuş məlumatda xəbər verilir. Redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmiş Yasamal rayon sakini Əhmədov Fikrət Xanlar oğlu isə, bu oyunlardan daha çox əziyyət çəkən vətəndaşlardan biridir. Vətəndaş tərəfindən redaksiyamıza ünvanlanan şikayət ərizəsində rayon elektrik şəbəkəsi rəhbərliyinin özbaşına hərəkətlərindən narazılıq ifadə olunur. Xüsusilə də, Fikrət Əhmədov Yasamal RETSİ-nin rəisi Maqsud Məmmədovun onun qəbuluna dümək istəyən vətəndaşları təhdid və təhqirlərə məruz qoymasından son dərəcə hiddətləndiyini vurğulayır. Qeyd edək ki, “Bizim Dövr”ün ötən sayılarnda müxtəlif RETSİ-lərin yarıtmaz fəaliyyətinə dair yerli sakinlərdən aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materiallar bir neçə dəfə dərc olunub. Bu xüsusda məlumatları təqdim edən vətəndaşların şikayətlərində bir oxşarlığın mövcudluğu isə bunu deməyə əsas verir ki, fəaliyyətlərini düzgün qura biməyən idarələrin sakinlər üçün yaratdıqları problemlər də təxminən eyni məqamlarla bağlı olur. Fikrət Əhmədovun ərizəsi əsasında əməkdaşlarımız tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yasamal RETSİ-nin də fəaliyyətində əməkdaşların, bəzən isə hətta idarə rəhbərinin də abunəçilərlə münasibətdə kobud davranışa yol vermələri, əsassız cərimələrin tətbiq olunması, qanunsuz elektrik xətlərinin çəkilişi və əsasda digər istehlakçıların hüquqlarının pozulması kimi hallara kifayət qədər rast olunur. Elə Fikrət Əhmədovun da ilkin olaraq narazılığı məhz onun sayğacına gələn elektik xəttindən qonşuluqda yerləşən kommersiya obyektinə qanunsuz xətt verilməsi səbəbindən yaranıb. Şikayətçi vətəndaş bu xüsusda yaranmış vəziyyəti belə təsvir edir: “Yaşadığım evin qonşuluğunda heyvan kəsimi müəssisəsi yerləşir. Əslində mənim bu obyektin fəaliyyətinə dair heç bir etirazım yoxdur. Hamı işləyib bir parça çörəyini qazanmaq istəyir. Amma gərək işi elə qurasan ki, başqalarına da əziyyət verməyəsən. Yasamal RETSİ-nin əməkdaşları isə, həmin bu müəssisənin işığını mənim mənzilimə gələn xəttdən veriblər. Bu səbəbdən də xəttlər normadan artıq yüklənir və bizim evimizdə məişət elektrik cihazlarının işləməsində problemlər yaranır. İşıqlarımız zəifləyir. Mən bir neçə dəfə bununla bağlı ərazini gəzən nəzarətçilərə öz iradımı bildirmişəm. Lakin dediklərimə heç kim əhəmiyyət verməyib. Buna görə də nəhayət bu yaxınlarda Yasamal RETSİ-nin rəisi Maqsud Məmmədovun qəbuluna getdim ki, yaranmış problem barədə onu məlumatlandırım. Amma getməyimə necə peşman oldumsa, işıq məsələsini də tamamilə unutdum. İdarə rəisi heç məsələni ona tam izah etməyimə də imkan vermədi. Ağır söyüşlərlə məni təhqir edib, kabinetdən qovdu. Heç anlamadım ki, bu Maqsud Məmmədovun belə aqressivliyinin səbəbi nədir. Sanki mən dövlət idarəsinə deyil, onun şəxsi evinə gəlmişdim. Elə bil, bizim ödədiyimiz vergilər hesabına dövlətdən məvacib alan bu məmurun vəzifə borcu vətəndaşları dinləmək, onların problemlərini həll etmək deyil. Görəsən Maqsud Məmmədov nəyə və kimə güvənir ki, hətta onun qəbuluna gələn vətəndaşları söyüb-qovmaqdan belə çəkinmir? Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələni qəzetinizdə işıqlandırmaqla, problemi bütün aidiyyatı olan qurumların diqqətinə çatdırasınız. Bəlkə bu zaman yuxarı instansiyalar böyük bir rayonun işıq idarəsinə rəhbərliyi məhz kimə etibar etdikləri barədə bir qədər düşünərlər...”

Məsələ ilə bağlı Yasamal RETSİ rəisinin və xüsusilə də “Azərişıq” ASC-nin rəhbərliyinin mövqeyini öyrənmək istərdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.