Nazirlik məmurun jurnalisti döyməsi xəbərinə reaksiya verdi - GÜNAH "ÖLƏNDƏ" İMİŞ...
6-05-2020, 19:31

"Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
"Report"un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
O qeyd edib ki, mayın 4-də saat 11.05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib:
"İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub".
DİA.AZ-dan: Hər halda ƏƏSMN kimi bir qurumun bu şəkildə cılız maraqlara qulluq edəcəyini heç gözləməzdik. Əzlində gözləməli idik də. Çünki bu nazirlikdə ədalət prinsiplərinin ənənəvi olaraq torpağa gömüldüyünü hər dəfəsində görməkdəyik. Elə 190 manatlıq dövlət yardımlarının bölünməsində də gördük.
İndi isə ortada bir cinayət əməli var. Bir jurnalisti döyüblər. Hadisəni biz də mətbuatdan izləmişik. İzlədiyimiz də odur ki, ilk başdan döyülən jurnalist hüququnu sona qədər müdafiə edəcəyini bəyan edib. Gördüyümüz həm də o idi ki, ilk başından nazirlik bu olayı səssiz ötüşdürməyə üstünlük verirdi. Ta o vaxta qədər ki, döyülən jurnalist sona qədər gedəcəyini bəyan etdi və olaya Daxili İşlər Nazirliyi də reaksiya verdi.
Nəhayətdə hörmətli ƏƏSMN yetkililəri dilə gəldi və GÜNAHI "ÖLƏN"İN üstünə atdılar.
AYIB, AYIB, AYIB...
Başqa sözümüz yoxdur!