“Füzuli üsyanı” necə yatızdırıldı: Alı Alıyevin “dəyirmançı Süleyman”la köhnə “razborkası” və...

14-01-2016, 00:14           
“Füzuli üsyanı” necə yatızdırıldı: Alı Alıyevin “dəyirmançı Süleyman”la köhnə “razborkası” və...
Eyni gündə ölkənin 4 müxtəlif rayonunda bahalaşmaya etiraz əlaməti olaraq aksiyaların keçirilməsi gündəmin əsas mövzularındandır. Bildirək ki, həmin aksiyalarda vətəndaşlar əsasən unun və digər zəruri ərzaq məhsullarının bahalaşmasına etirazlarını ifadə ediblər.

Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş tutmuş aksiya və həmin aksiyanın necə dayandırılması haqda ilginc məlumatlar əldə etmişik. Savash.org-a rayondan verilən məlumatda bildirilir ki, artıq Fizuli rayonunda etiraz aksiyası keçirən kənd sakinlərinin tələbləri yerinə yetirilib və aksiyaya qədər 35 manata satılan 50 kiloqramlıq un kisəsinin qiyməti aksiyadan sonra 24 manata endirilib. Maraqlısı budur ki, 50 kiloqramlıq unun kisəsi respublikanın digər yerlərində indi də 30-35 manata satılır. Belə olan halda unun təkcə Füzuli rayonunda uzuclaşması nə ilə bağlıdır?

Səbəb sakinlərin etiraz aksiyasıdırsa axı bu etirazlar təkcə Füzulidə olmadı. Səbəb budursa o zaman niyə anoloji aksiyaların baş tutduğu Lənkəran, Siyəzən və Ağcabədi rayonlarında da unun qiyməti ucuzlaşmayıb?

Savash.org-a daxil olan məlumatlar isə bu tapmacanın çözülməsində yardımçı ola bilər. Saytımıza daxil olan məlumatda bildirilir ki, unun ucuzlaşması məhz icra başçısı Alı Alıyevin təzyiqlərinin nəticəsində baş tutub. Amma paradoksal da görünsə icra başçısı bunu füzulilərə ürəyi yandığından etməyib, əksinə “bir gülləylə iki dovşan” vurmaq taktikası ilə hərəkət edərək kürsüsünün təhlükəsizliyinə zəmanət qazanıb. Olayın üzərindəki sirr pərdəsini qaldırmaq üçün isə mətləbdən bir qədər uzaqlaşmalı və oxucularımız üçün bəzi vacib informasiyaları təqdim etməliyik ki, icra başçısının hansı oyunu oynadığı tam aşkarlansın.

Ondan başlayaq ki, Füzuli rayonunda uşaqdan-kiçiyə hamının “dəyirmançı Süleyman” kimi tanıdığı Süleyman İsmayılov var. Bu həmin Süleyman İsmayılovdur ki, oğlu Anar İsmayılov 2013-cü ilə qədər Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı. Adı yarım milyon manatlıq sövdələşmədə və qaranlıq işlərdə hallandığından 2013-cü ildə həbs olunub.

Oğlunun həbsi isə “dəyirmançı Süleyman”ın karyerasının üzərindən qalın bir xətt çəkib. Belə ki, Süleyman İsmayılov Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsinə hazırlaşırmış, onun bu məqsədlə hakimiyyətin üst qatından güclü himayədar da tapdığı bildirilir. Amma məlum səbəblərdən bu reallaşmır və Süleyman İsmayılov rayonda un istehsalı ilə məşğul olmaqda davam edir. Hazırda onun Füzuli rayonunda dəyirmanları və Qaradizdə çörəkbişirmə müəssisəsi var. Füzulinin və eləcə də ətraf rayonların un təminatında mühüm iştirakçılardan sayılır Süleyman İsmayılov.

İndi isə “dəyirmançı Süleyman”ın məlum aksiyalara, Alı Alıyevin aksiyaçıların vədini yerinə yetirməsinə hansı aidiyyatının olması məsələsinə qayıdaq.
Savash.org-a verilən məlumatda bildirilir ki, Süleyman İsmayılov fiqur olaraq Alı Alıyevi hər zaman narahat edib, icra başçısı ona həmişə potensial rəqib kimi baxıb. Bu səbəbdən də məlum etiraz aksiyası Füzuli RİH başçısı üçün necə deyərlər, göydəndüşmə olub.

Alı Alıyev səhnəyə guya xilaskar kimi çıxıb, vətəndaşlara iradlarının haqlı olduğunu deyib və göstəriş verib ki, Füzuli rayonunda unun qiyməti qeyd-şərtsiz aşağı salınsın. Eyni zamanda icra başçısı Prezident Adminstrasiyasına etdiyi məruzədə rayonda hər şeyin yolunda olduğunu, camaatın guya təkcə unun bahalılığından şikayətçi olduğunu bildirib. Bəs, Füzulidə un işinə kim baxır – “dəyirmançı Süleyman”. Beləliklə, Füzulidəki etiraz aksiyalarının “günah keçisi” tapılıb və ona üst səviyyədən tapşırıq gəlib ki, unun qiyməti təcili olaraq ucuzlaşmalıdır.

Bax belə, “Füzuli üsyanı” və onun yatırılması bir iş adamının sıradan çıxarılması hesabına reallaşıb. Aydın məsələdir ki, Süleyman İsmayılov uzun müddət unu ucuz qiymətə sata bilməyəcək, iqtisadi reallıqlar buna imkan vermir. Belədə isə onun uzun illər zəhmət bahasına qurduğu işi dayandırmaqdan başqa çarəsi qalmayacaq. Bəs, bundan qazanan kim olacaq?

Füzulilər unun kisəsini yenə 35 manata almaqda davam edəcək, Alı Alıyevin rəqib kimi gördüyü “dəyirmançı Süleyman” isə təhlükəsiz hala gətiriləcək.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.