26 saylı şəhər poliklinikası təsərrüfat hesablıdır, yoxsa?

30-04-2015, 11:45           
26 saylı şəhər poliklinikası təsərrüfat hesablıdır, yoxsa?
Paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi 43 a ünvanında yerləşən 26 saylı şəhər poliklinikası ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakininin sözlərinə görə, sözügedən səhiyyə müəssisəsi dövlət hesabına maliyyələşsə də, tam təsərrüfat hesablı qurum kimi nəzərə çarpır:

"Baş həkim Aidə Məmmədova işinə laqeyd münasibət göstərir. O bu vəzifəyə təzə təyin edilib. Adətən rəhbər işə qoyulan şəxslər özlərini göstərmək üçün müxtəlif tədbirlər həyata keçirir. Amma baş həkim köhnə rəhbərliyin dövründən qalan problemləri həll etməyə cəhd göstərmir. Məsələ burasındadır ki, tam təsərrüfatlı fəaliyyət nəticəsində əldə olunan gəlir poliklinikanın xəzinəsinə mədaxil edilmir. Yəni kimlərinsə büdcəsinə gedir. Bildiyiniz kimi, cənab prezident bir neçə il əvvəl dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Buna baxmayaraq, 26 saylı şəhər poliklinikasında tibbi xidmətlərin bir çoxunun maddi qarşılığı var. Burda çalışan həkim və tibb bacılarının əksəriyyəti xüsusi üsullardan istifadə etməklə öz subyektiv maraqlarını həyata keçirirlər. Məsələn, sahə həkimi vətəndaşı UZİ-dən keçmək üçün bu sahəyə məsul olan həkimin yanına göndərir. Növbədə olan həkimlər xəstə göndərişlə gəldi, yaxud gəlmədi, onu müayinə etmək üçün "şirinlik" istəyir. Onların istədiyini vermədikdə isə əlavə problemlər meydana çıxır". Narazı vətəndaş deyir ki, Yeganə Mövsümova, Sevda Rəhimova və digər həkimlər xəstələrdən məcburi qaydada nəysə tələb edirlər: "Əgər kim inanmırsa, gedib bu poliklinikada müayinədən keçsin və mənzərə ilə tanışolsun. Poliklinikanın yeganə uroloq həkimi Vaqif Rüstəmov da işinin öhdəsindən gəlməyi bacarmır. Xəstələr bəzən saatlarla onun otağının qarşısında gözləməli olur. Həkim işə vaxtında gəlmir. O dövlətdən hər ay əməkhaqqı alır və bunun müqabilində gün ərzində müəyyən sayda xəstə qəbul etməlidir. Araşdırılsa məlum olar ki, bu adam hər ay normadan az xəstə qəbul edir. Görəsən, poliklinikanın xidmət göstərdiyi ərazidə uroloji xəstələrin sayı azdır, yoxsa həkim savadlı deyil. İnsafən deməliyəm ki, 26 saylı şəhər poliklinikasının inzibati binası müasir şəkildə təmir edilib və hər cür şərait yaradılıb. Lakin gəlin təhlil edək görək, tibb ocağının xidmət göstərdiyi ərazidən bura müraciət edənlərin faiz göstəriciləri necədir. Vətəndaşların bir çoxu bura gəlməkdənsə özəl səhiyyə müəssisələrinə getməyi daha üstün tuturlar. Onsuz da hər ikisində xidmət pulludur. Poliklinikaya əvvəllər Pənah Əliyev rəhbərlik edirdi. O yaş həddi ilə əlaqədar təqaüdə göndəriləndən sonra yerinə müavini Aidə Məmmədova təyin edildi. Onun idarəçiliyi isə ürəkaçan səviyyədə deyil. Belə ki, baş həkim tibb ocağında mövcud olan köhnə problemləri aradan qaldıra bilmədi. Bəlkə də aradan qaldırmaq istəmədi. Həkimlər və tibb bacıları əvvəlki qaydada xəstələrin hüquqlarını pozur, onların pulsuz səhiyyə xidmətlərindən istifadəsinə şərait yaratmırlar". İrəli sürülən ittihamlara aydınlıq gətirmək üçün 26 saylı şəhər poliklinikasının (012) 370-32-40 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran baş həkim şikayəti eşidəndə təəccübünü gizlətmədi və bunları dedi: "Hələ heç bismillah eləməmiş məndən qəzetə şikayət ediblər. Baş həkim vəzifəsinə yeni təyin olunmuşam. Poliklinikada pullu tibb yoxdur. Əgər belə məsələlər varsa, mən araşdırma aparıb həqiqət olub-olmadığını üzə çıxararam". Hər halda, od olmayan yerdən tüstü çıxmaz. Zərurət yaranarsa, gələn saylarımızda adıçəkilən tibb ocağından reportaj hazırlayacağıq. İnanmaq istərdik ki, Səhiyyə Nazirliyinin rəsmiləri poliklinikanın fəaliyyətinə nəzarəti gücləndirib, müvafiq tədbirlər görəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.