Ağcabədidə seyid-direktor təhsil ocağını bazara çevirib!: ARAŞDIRMA
17-02-2016, 21:17
Ağcabədi Pedaqoji Kollecinin direktoru sələfinin taleyini yaşaya bilərTəhsil müəssisələri, xüsusilə də kolleclərlə bağlı ictimai rəyin birmənalı olmaması məlumdur. Əvvəllər texnikum adlanan bu təhsil müəssisələri dünən necə vardısada, bu gün də eləcə xatırlanır…
Bu sırada ilk diqqəti çəkən isə Ağcabədi Pedoqoji Kollecidir. Bu təhsil müəssisəsi ilə bağlı son zamanlar xüsusi ilə ziddiyyətli məlumatlar dolanır. Konkret faktlarla, rəqəmlərlə zəngin olan bu məlumatlarda kollec rəhbərliyi ittiham olunur, təhsilə məsul şəxslər hədəfə çevrilir. Bu təhsil ocağı ilə bağlı müxtəlif mətbu orqanlarda çox yazılıb. Amma,… görünür hələ də yetərincə deyil.
teref.az yazır ki, sonolay.org-un əldə etdiyi məlumata görə, bu kollecin sabiq direktoru Sahib Hüseynov 11 fevral 2013-cü ildə 311.1 (Rüşvət alma) maddəsi ilə həbs olunub. Bundan sonra təhsil naziri Mikayıl Cabbarov seçilmiş kadrı kimi Mirələm İbrahimovu bu təhsil ocağına direktor təyin etdi. Çoxları ümüd edirdi ki, Mirələm İbrahimov sələfindən fərqli yol tutacaq və hörmətli nazirinin etimadını doğruldacaq.
Amma, Ağcabədi Pedaqoji Kolleci ilə bağlı xeberinfo.com-a yeni məlumatlar daxil olub. Məlumatların bir qismi ümumi xarakterli olsa da, özəlliyi ilə fərqlənən detalları da yetərincədir. Əməkdaşımız əldə etdiyimiz məlumatlarla bağlı bu kollecdə olub və lazımı jurnalist araşdırmaları aparmağa çalışıb.
Bir qayıb (q)-5, yaxud topdan 50 manat
Qayıb (q) demək olar ki, əksər təhsil ocaqlarımızda bir bəlaya çevrilib. Tələbələrin dərsə davamiyyəti hələ də problem olaraq qalmaqdadır. Səbəblər müxtəlif olsa da, həqiqət belədir. Ağcabədi Pedaqoji Kollecində olduğu kimi… Bu təhsil müəssisəi ilə bağlı aldığımiz məlumatlardan biri də tələbələrin dərsə davamiyyəti ilə bağlıdır. Daha doğrusu davamiyyətsizliyi ilə…
Tələbələrlə söhbətimizdən: Həmayə Şabanova (ad və soyad şərtidir) “Bizdə bir qayıbın qiyməti 5 manatdır. Yaxud da bir semesteri 50 manata. Bundan ötrü şöbə müdirinə yaxınlaşmaq lazımdır. Qayıb məsələsi onluqdur, şişirtmək lazım deyil. Hay-küy salarsan iş böyüyər, qiymət qalxar. Məsələ İman Orucov səviyyəsinə qalxarsa baha başa gələr”.
Bir semester ən azı 500-700 manat
Ağcabədi Pedaqoji Kolleci ilə bağlı əldə etdiyimiz məlumatlardan ən başlıcası semester imtahanları ilə bağlıdır. Doğrudur, bu haqda indiyədək də dövrü mətbuatda çox yazılıb. Təəssüf ki, reallıq nəinki dəyişməz olaraq qalmaqdadır, daha da mənfiyə doğru sürətlənməkdədir. Son illər ölkə təhsilində aparılan islahatlardan bu təhsil ocağında əsər-əlamət belə yoxdur. Kollecin seyid direktoru Mirələm İbrahimov özəl qaydalarını dəyişmək niyyətində görünmür. Semester imtahanları 500-700 manat aralığında dəyişməkdədir. Məsələn, 5 imtahanı 2-4 məqbulu (“zaçot”) olan tələbə ən azı 500 manat “tərləməlidir”, əgər 3 almaq istəyirsə. 4, yaxud 5 istəyirsə 600-700 manatı gözə almalıdır.Seyid-direktor təhsil ocağını bazara çevirib!: ARAŞDIRMA
Əməkdaşımızla söhbətində “Texnologiya müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə müəllimliyi” fkultələrinin təlbələri ortaq fikri bölüşüblər: “Bizdə qaydalar dəyişmir, imtahalardan və “zaçot”lardan və alacağın qiymətdən asılı olaraq verəcəyin pul müəyyənləşir. Əgər beş imtahan və üç “zaçot”un varsa ən azı 500 manat verməlisən. Söhbət 3 qiymətindən gedir, əgər 4, yaxud 5 istəyirsənsə 600-700 manat verməli olacaqsan. İmtahan və “zaçot”ların sayı artıqca verəcəyin pulun miqdarı da artmalıdır.
Bütün ilkin söhbət şöbə müdiri ilə gedir. Razılaşmadıqda isə məsələ rəhbərliyə çıxır və məbləğ də qalxır. Bütün qayıb və imtahan məsələsi birmənalı olaraq direktor tərəfindən İman Orucova tapşırılıb”.
Bu fikirləri kollecin birinci mərtəbəsində “göz yaşı tökən” valideyinlər də bölüşüb: “Üç ildir qızım burada “Təsviri incəsənət məllimliyi” fakultəsində oxuyur. Qızım yox e, mən “oxuyuram”, hər semester 500-600 manat verməliyəm. Onu da minnətlə. Direktorla görüşüb, sözümüzü deyə bilmirik. Nazirlə görüşmək bəlkə də asandır. Amma Mirələm İbrahimova söz deyə bilmirik. Bu ölkənin, təhsilin bir yiyəsi var, ya yox”.
Biz kollecdə bir neçə tələbə və valideyinlə söhbətləşdik və eyni sözləri eşitməli olduq. (Gərəkərsə hər bir söhbəti ayrılıqda yaza bilərik.)
Direktor sələfinin taleyini yaşaya bilər
teref.az yazır ki, sonolay.org-un, əldə etdiyi məlumatlar və apardığı araşdırmalardan belə məlum olur ki, Mirələm İbrahimov olub-keçənlərdən nəticə çıxarmaq niyyətindən uzaqdır. Belə omasaydı Azərbaycan təhsil sistemində son illər tətbiq olunun məlum təcrübədən Ağcabədi Pedaqoji Kollecində də əsər-əlamət görünərdi. Görünən odur ki, Mirələm İbrahimov bu kollecdə de-fakto bazar açıb. Bu kollecdə müavinlər səlahiyyətsiz fiqura çevrilib. Sadəcə “kağız-kuğuzla məşğuldurlar”. Ən xırda sözləri belə keçərli deyil. Bütün səlahiyyətlər şöbə müdiri İman Orucova verilib. Bu müəllim də “Burda mənəm, Bağdadda kör xəlifə” deyir. Rəsmi və direktorun verdiyi qeyri-rəsmi səlahiyyətlərdən yararlanaraq, bütün kolleci “fırladır”. Bir kimsənin ixtiyarı nədir ki, İman müəllimin sözünün qabağına söz desin. Hər kəsin onunla hesablaşması yeganə yoldur.
Yeri gəlmişkən məzunlar diplomlarını alarkən də 300-400 manatlarından keçməli olurlar. Bu əməliyyata da əsasən İman müəllimin rəhbərlik etdiyi deyilir.
Mirələm İbrahimov isə yeri gəldi-gəlmədi seyid statusunu xatırlatmaqla öz ampulasındadır. Kolleclə bağlı kimin nə düşünüb, nə deməsi onun üçün əhəmiyyətli deyil. Əsas olan başqa şeydir…
Təəssüf ki, bütün bu və digər məlumatlara adıçəkilən şəxslərin mövqeyini öyrənmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qaldı.
Biz qarşıdakı günlərdə Ağcabədi Pedaqoji Kollecində yaşananlarla və Mirələm İbrahimovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müvafiq sorğular ünvanlamaqla mövzunu davam etdirməyə çalışacağıq.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
teref.az