Ağdamda direktor postu uğrunda mərəkə

18-02-2016, 16:50           

Hazırkı rəhbər öz həyat yoldaşını yerinə gətirmək istəyir, şöbə müdirinin başqa tamahı var, nazirlikdə «himayəçi» qərar verib, başçının qudası isə «makler»lik edir

Ağdamın Çəmənli kənd orta məktəbində qəribə vəziyyət yaranıb. Redaksiyamıza verilən məlumata görə, 65 yaşı tamam olmuş Eyvaz Məmmədovun artıq direktor kimi çalışması mümkün deyil və o, bununla əlaqədar Təhsil Nazirliyinə çağrılıb. Nazirlik təbii ki, yaş senzini nəzərə alaraq, onu direktorluqdan uzaqlaşdırma barədə qərarını da verib.

Amma Çəmənli kənd orta məktəbinin direktoru postunda gözü olanların sayı heç də az deyil. teref.az yazır ki, jam.az-a verilən məlumatda vurğulanır ki, Eyvaz Məmmədovun hədəfi həyat yoldaşı Püstə Qurbanovanı öz yerinə gətirməkdir. 60 yaşlı həyat yoldaşının daha 5 il bu vəzifədə qalmasının onun işinə yarayacağı şübhəsizdir. Üstəlik, direktor kəndin ən güclü «qələm» sahilərini də başına yığaraq, yuxaralara dayanmadan yazdırır.

Amma Ağdam Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova Qurbanovanın direktor olmasında maraqlı deyil. Ona görə ki, iştiha diş altındadır və bütün vəchlə çalışılır ki, həmin yerə özünə yaxın birini təyin etsin. Bunun üçün şöbə müdirinin əlində yetərli qədər əsaslar da var. Məsələn, Eyvaz Məmmədov direktor olduğu dönəmdə Çəmənli orta məktəbində 30 min manatlıq yeyinti aşkarlanıb və Maliyyə Nazirliyi bununla bağlı direktora cərimə belə yazıb. Hazırda Məmmədov həmin pulu hissə-hissə «Kapital Bank»a ödəməkdədir.

Amma Eyvaz Məmmədovun arzularını reallaşdıracaq «himayədar»lar da var. Məsələn, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Kənan Quliyev bütün hallarda keçmiş direktora yardımçı olmağa çalışır. MTN işində adı keçən «Ağdamlı Dəmir»in sayəsində Təhsil Nazirliyində vəzifəyə sahib olan Quliyev hazırda nəinki Çəmənli orta məktəbi, özünə simsar bildiyi digərləriylə də maraqlanır.

Amma Eyvaz Məmmədovun bir himayəçisi də elə Ağdamın icra başçısı Raqub Məmmədovun qudasıdır. Hüseyn adlı şəxsin rayonda bu tip işlərdə «makler» kimi çıxış etdiyi iddia olunur.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.