Şamaxıda Qasım Qasımov “fenomen”i, yaxud Şamaxının “Bala Stalin”i
11-03-2016, 21:11
Şamaxıda Qasım Qasımov adı, soyadı çox populyardır. Demək olar ki, hamı ondan danışır. Buna səbəb heç də onun rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi işgüzarlığı, rayonun problemlərinin həllinə səy göstərməsi deyil, rayon İH-nin başçısı Asif Ağayevin qılığına girərək, onun səlahiyyətlərinə yiyələnərək demək olar ki, rayonda özünü başçı kimi aparmasıdır. Məhz bunun nəticəsidir ki, rayonda başçının varlığı ilə yoxluğu bilinmir. Başçı demək olar ki, öz səlahiyyətlərini Qasım Qasımova həvalə edib. O da rayonu istədiyi kimi idarə edir. Əgər buna idarə demək mümkünsə. Rayonda vəziyyət həddindən artıq acınacıqlıdır. Rayonun abadlaşdırılmasına ayrılan vəsaitin böyük hissəsi mənimsənilir. Küçələr bərbad vəziyyətdədir. Yağışda, qarda küçələrdə hərəkət etmək mümkünsüzdür. Rayonun idarə və təşkilatlarında anarxiya, qanunsuzluqlar hökm sürür. Əhali Qasım Qasımovun əlindən qan ağlayır. Q.Qasımov öz himayədarlarına arxalanaraq Şamaxıda, necə deyərlər, meydan sulayır. Əhaliyə dərdlərini deməyə, narazılıqlarını bildirməyə imkan verilmir. Şamaxıda hər an narazı əhalinin güclü etirazı gözlənilir. Biz həyəcan təbili çalaraq bunu aidiyyatı orqanlara çatdırmağı özümüzə borc bilirik. Yoxsa, sonra çox gec ola bilər. Qasım Qasımov “fenomen”inin digər səbəbi isə 1995-ci ildə icra hakimiyyəti orqanlarından uzaqlaşdırıldıqdan sonra (16 illik fasilədən sonra) 2011-ci ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini kimi məsuliyyətli bir vəzifəyə təyin edilməsidir. Heç bir bacarığı olmayan, səriştəsiz, uzun illər ADSP-də (Azərbaycan Demokrat Sakibkarlar Partiyası) rəhbər vəzifələrdə işləmiş, hətta ADSP-nin sədri olmuş, ADSP-nin o vaxtkı sədri Mahmud Məmmədovun etimadından sui-istifadə edərək onu dəfələrlə aldatmış belə bir adamın bu vəzifəyə sahiblənməsi hamının təəccübünə səbəb oldu. Axı, 16 ildən sonra nə baş verdi ki, 1995-ci ildə o vaxtkı icra başçısı İkram Məmmədov tərəfindən istefaya göndərilən kimi Yeni Azərbaycan Partiyasının sıralarını tərk edərək ADSP-yə üzv olmuş, uzun illər bu partiyanın sıralarında ölkə rəhbərliyinin siyasi xəttinə zidd siyasət yürüdən belə bir adam bu cür vacib posta gətirildi? Bu sual hamını düşündürür. Q.Qasımov bu vəzifəyə gətirilən vaxt o vaxtkı icra başçısı Asif Məmmədov çox haqlı olaraq onu çox da yaxına buraxmadı. Hətta, bununla əlaqədar başçı ilə Q.Qasımov arasında ciddi konfliktlər də baş vermişdi. İndi, şamaxılılar Asif Məmmədovun atasına rəhmət oxuyurlar. Lakin İsmayıllı hadisələri fonunda birdən-birə vəziyyət dəyişdi. Heç iki ili tamam olmamış Asif Məmmədovu indiki başçı Asif Ağayev əvəz etdi. Məhz bundan sonra Q.Qasımovun mövqeyi möhkəmləndi. Q.Qasımov ADSP-də olduğu vaxt (1995-ci il) parlament seçkilərində ADSP-nin sədri Mahmud Məmmədovu Şamaxıdan deputat seçdirmək üçün dəridən-qabıqdan çıxdı, bütün əyri yollara əl atdı. Hətta, prezidentin səlahiyyətli nümayəndəsi, İcra Hakimiyyəti başçısı İkram Məmmədovu seçki saxtakarlığında ittiham edərək “Bala Stalin” adlandırmışdı. 2014-cü ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində baş verən misli görünməmiş saxtakarlıqlara bilavasitə rəhbərlik edərək özünü “Bala Stalin” kimi aparmışdır. Şamaxılılar indiyə kimi polis müdaxiləsi ilə, müdhiş qanunsuzluqlarla keçirilmiş belə bir seçkinin şahidi olmamışlar. Qəribədir ki, bütün bu qanun pozuntuları ilə əlaqədar heç bir yerdə Asif Ağayevin adı çəkilmir, bütün bunları Q.Qasımovla bağlayırlar. Sizdən xahiş edirik ki, əlinizdə olan imkanlardan istifadə edərək Qasım Qasımovun kim olduğunu Prezidentə çatdırasınız. Əks halda, Şamaxıda gözlənilən etirazların qarşısını almaq mümkün olmayacaq.
Akif Soltanov,
“Şəffafllıq və Paklıq” qəzetinin təsisçisi və baş redaktoru