Qərbi Azərbaycan Xronikası: "Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir"
Bu gün, 10:46

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Azərbaycan adına e.ə 8-7 əsrlərdə rast gəlinir" adlı veriliş hazırlanıb.
Verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov Qafqazda Azərbaycan türklərinin formalaşması tarixindən danışıb.
O bildirib ki, Azərbaycan adına e.ə 8-7 əsrlərdə rast gəlinir. Prototürklərin ilk yaşayış məskənləri Urmiyə, Qərbi Azərbaycan və Şərqi Anadolu ərazisində tapılır.
Onun sözlərinə görə, Qafqazda Azərbaycan türklərinin formalaşması e.ə 3-cü minillikdən başlayıb: "Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir. Azıx adamı bu bölgənin qədim sivilizasiya məskəni olduğunun sübutudur".
İspaniya rəssamı Salvador Dalinin Azərbaycana işarə verən əsərinin gizli mesajından söz açan A.Seyidov deyib ki, onun məşhur rəsmində yaranışın əsası Azərbaycan göstərilir: "Avropadakı Albaniyanı Qafqazdan gedən albanlar yaradıblar".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.