38 saylı uşaq bağçasında şıdırğı pul yığımı
12-03-2016, 10:42
Müdir Sədaqət Qədirova dövlət müəssisəsini şəxsi əmlakı kimi idarə edir Bildiyiniz kimi, ölkə rəhbərliyi məktəbəqədər təhsil müəssisələrinə, uşaqların düzgün təlim-tərbiyə almasına böyük diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, son illər ərzində Bakıda və rayonlarda onlarla uşaq bağçası əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, bəzi uşaq bağçalarında neqativ hallar səngimək bilmir. Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra problemlər daha da artıb. Redaksiyamıza daxil olan məlumatlara görə, Yasamal rayonu, Azərbaycan pr.57 ünvanında yerləşən 38 saylı körpələr evi-uşaq bağçasında dəhşətli qanun pozuntuları mövcuddur. Məlumatı verən şəxs bildirir ki, bağçanın müdiri Sədaqət Qədirov dövlət büdcəsindən maliyyələşən müəssisəni şəxsi əmlakı kimi idarə edir: «Bu uşaq bağçasında şıdırğı pul yığımı gedir. Sədaqət xanım hər uşağa görə valideynlərdən ayda 100 manat pul alır. Bundan başqa, müxtəlif bayram tədbirləri ilə əlaqədar olaraq da uşaqlardan pul yığılır. Məsələn, qarşıdan Novruz bayramı gəlir. Bu məqsədlə bağça müdiri hər uşaqdan 50 manat yığılması barədə işçilərinə tapşırıq verib. Sədaqət Qədirova üçün valideynlərin pulunun olub-olmaması maraqlı deyil. Hamı bir nəfər kimi müdirin istəklərini yerinə yetirməlidir». İddialara əsasən, bu xanım dövlətin uşaqlar üçün ayırdığı ərzaq məhsullarına da göz dikir. Bu haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Ümid edirik ki, BŞİH rəhbəri Hacıbala Abutalıbov yazılanları araşdırıb bağça müdirinin barəsində tədbir görəcək.
Qarşı tərəfi də dinləyə bilərik.
Gundelik Baki.