Bu aviaşirkət təyyarədə pulsuz sürətli internet xidmətinə keçir

Bu gün, 11:44           
Bu aviaşirkət təyyarədə pulsuz sürətli internet xidmətinə keçir
Böyük Britaniyanın aparıcı hava yolları şirkəti Virgin Atlantic, Elon Maskın sahibi olduğu Starlink peyk interneti şəbəkəsi ilə strateji əməkdaşlığa imza atıb.
İqtisadiyyat.az xəbər verir ki, yeni razılaşma çərçivəsində, sərnişinlərə göydə reaktiv sürətli və limitsiz Wi-Fi xidməti təqdim olunacaq.

Şirkət bu addımı ilə İngiltərədə sərnişinlərinə tamamilə pulsuz, yüksək keyfiyyətli və limitsiz internet xidməti göstərən ilk aviaşirkət olmağı hədəfləyir. Layihənin tətbiqinə 2026-cı ilin üçüncü rübündə başlanacaq və 2027-ci ilin sonuna qədər bütün donanma üzrə tamamlanması planlaşdırılır.

Virgin Atlantic-in baş direktoru Şai Vays bu əməkdaşlığı “son dərəcə dəyərli və gələcəyə yönəlik bir addım” adlandırıb. O, həmçinin bildirib ki, şirkət 17 milyard dollarlıq sərmayə ilə öz hava donanmasını modernləşdirməyə və sərnişin təcrübəsini köklü şəkildə yeniləməyə qərarlıdır.

Qeyd edək ki, Starlink peyk sistemi SpaceX şirkətinə məxsusdur və aşağı orbitdə yerləşən peykləri vasitəsilə interneti yüksək sürətlə və aşağı gecikmə ilə təmin edir. Bu texnologiya hətta ən ucqar bölgələrdə belə sabit və sürətli bağlantı imkanı yaradır.

Bundan əlavə, Virgin Atlantic OpenAI ilə də əməkdaşlıq edir. Şirkət real vaxtda emosional zəka ilə təchiz olunmuş səsli süni intellekt konsiyerj xidmətini də istifadəyə verməyi planlaşdırır.

Xatırladaq ki, Qatar Airways, Hawaiian Airlines, United Airlines və AirBaltic də Starlink şəbəkəsi ilə əməkdaşlıq edən hava yolları arasındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.