Məmmədov-Musayev tandemi: inspektorluğa gətirilən sərxoş, videooperator, cangüdən… – ARAŞDIRMA
15-03-2016, 23:37
Məlum olduğu kimi AFFA-nın son hesabat-seçki yığıncağında elə də qlobal dəyişiklik baş vermədi. Sadəcə, Hafiz Məmmədovla Cahangir Hacıyevin yerinə müvafiq olaraq Qurban Qurbanov və Elmar Məmmədyarov seçildi.
Digər dəyişiklik isə hakim-inspektorlar komitəsində oldu. Burada Gülağa Cabbarovun yerinə Əli Hüseynov sədr gətirildi. Hər kəs Xəqani Məmmədovun gedəcəyini gözləyərkən, Gülağa Cabbarovun postundan uzaqlaşdırılması bir az şübhəli və müəmmalı oldu.
Hər kəs məlum idi ki, Xəqani Məmmədovla Gülağa Cabbarov arasında uzun illərə dayanan ədavət hökm sürür. Xəqani Məmmədov Ramin Musayevə yaxın kadr sayıldığı, “qara işlər”i gördüyü halda, Cabbarov işinə kimsənin müdaxiləsinə maksimum dərəcədə mane olan biri idi. Ancaq qeyd etmək lazımdır ki, Cabbarov da Elxan Məmmədova yaxın kadr hesab olunurdu. Düzdür, Ramin Musayev G.Cabbarovun da işinə müdaxilə etməyə cəhd göstərirdi. Amma bu bir o qədər də uğurlu alınmırdı.
Bəs niyə Elxan Məmmədov belə asanlıqla Gülağa Cabbarov kimi kadrından vaz keçməli oldu? Xatırlayırsınızsa, yazılarımızın birində qeyd etmişdik ki, Elxan Məmmədovla Ramin Musayev “dəymə mənə, dəyməyim sənə” formasında gizli sövdələşmə mövcuddur. Yəni bundan sonra heç kim heç kimin işinə qarışmayacaq . Gülağa Cabbarov məhz həmin anlaşmanın qurbanı oldu. Çünki Cabbarov Musayevin onun işin hədsiz müdaxilələrindən bezmişdi.
Məlumat üçün qeyd etmək yerinə düşər ki, hazırda hakim inspektorlar komitəsində Ramin Musayevin ən azı 10-12 yaxın adamı var. Özləri futboldan uzaq olub, amma futboldan pul qazanan bu adamlar heç nədən çəkinmədən özlərini futbol adamı adlandırmaqdan belə çəkinmirlər. Bu sırada karate müəllimi, videooperator, sürücü, idman müəllimi, hərbi müəllimi, həkim və digər peşələr var. Az sora həmin şəxslərin ad və soyadlarını təqdim edəcəyik. Bu arada başqa bir maraqlı faktı diqqətinizə çatdıraq. Belə ki, premyer-liqa və birinci dəstə hakimləri hakim inspektorlarını sayı müvafiq olaraq 32 və 45 nəfərdir. AFFA-nın hakim inspektorlar üçün olan əsasnaməsində bir maddə var. Həmin maddədə göstərilir ki, hakim inspektorlar mütləq keçmiş hakimlərdən təyin olunmalıdır. Bu da onunla izah olunur ki, hakim inspektor hakimin işinə düzgün qiymət verə bilsin. İndiki halda həmin siyahıda olanların tən yarısı ümumiyyətlə, futboldan uzaq insanlardır. Bu isə UEFA və FİFA tərəfindən də qəbul edilmir.
Amma Ramin Musayev necə deyərlər, hər şeyə tüpürərək burada da öz niyyətini həyata keçirir. İİndi görün hakimlərin işinə kimlər qiymət verir.
Şamil Useynov – heç vaxt hakim olmayıb və sadəcə futzal sahəsində çalışıb. Ramin Musayevə yaxınlığı ilə seçilən şəxslərdəndir.
Ədilxan Hümbətov – heç vaxt hakim və futbol adamı olmayıb. Voleybol sahəsində müəyyən təcrübəsi var. Amma oyunlara hakim inspektor təyin olunur. Əslən gürcüstanlıdır.
Cəmil Haqverdiyev də hakim və idman adamı deyil. Elxan Məmmədova yaxın şəxs hesab olunur və oyunları idarə edir.
Yavər Rəhimov isə həm “İnter” klubunda işləyir, həm də oyunlar hakim-inspektor kimi təyinat alır. Qanunvericiliklə bu da qadağandır və klubda çalışan şəxs hakim inspektor ola bilməz. Ramin Musayevin kadrı sayılır.
Eyni sözü “Neftçi” klubunda çalışan Pərviz Əhmədov haqda da söyləmək olar.
Abdulla Məmmədov hakim olmayıb Elxan Məmmədovun yaxın adamıdır deyə, Şimal Regional Futbol Federasiyasının prezidentidir.
Çimərlik Millisinin keçmiş baş məqçisi Bəhram Hətəmov karateçi olub. Qardaşı Gənclər və İdman Nazirliyində məsul vəzifədə çalışır. Ramin Musayevə yaxındır və inspektor kimi təyinatlar alır.
Arif Fərəcov isə ixtisasca həkimdir, Elxan Məmmədova yaxın şəxsdir. Hakim inspektor kimi təyinat alır.
Qabil Nərimanovun hansı sahədən gəldiyi, kim, nəçi olduğu bəlli deyil. Amma haki inspektordu.
İdman aləmində Vahid Hüseynov adlı şəxs olmayıb. Amma bu şəxs hansısa keyfiyyətlərinə görə oyunlara hakim inspektor qismində təyinat alır.
Samir Kərəmov isə PFL-in işçisidir.
Eldəniz Musayev Ramin Musayevin həm əmisi oğlu, həm sürücüsü, həm də dediyinə görə cangüdənidir. Bu şəxs də bəzən inspektor kimi də oyunlara təyinat alır.
Ələddin Ələkbərovun da hakim inspektorlar siyahısına hardan və necə düşdüyü məlum deyil. Rüfət Əliyev isə PFL-də operatorluq edir. Eyni zamanda Musayevə lazım olan informasiyaları ona ötürür.
Vaqif Sadıxov Musayevin dayısıdır, keçmiş polis işçisi olub. PFL təhlükəsizlik sisteminin rəisi olmaqla yanaşı, hakim inspektordur.
Yeri gəlmişkən, AFFA da belə bir qərar qəbul olunub ki, təqaüd yaşına çatmış hakim inspektor varsa, ona AFFa təqaüd verir və o hakim inspektorluq edə bilməz. Amma bu qayda Emir Zamanov üçün keçerli deyil. “Bakı” klubundan və AFFA-dan təqaüd alan bu şəxs həm də oyunlara təyinat alır.
Əli Məmmədov adlı hakim olmayıb. Amma Elxan Məmmədovla yaxınlığı hesabına inspektordu.
Namiq Qasımov isə keçmiş futbolçu olsa da, “İnter” klubunda hovuzda çalışır və onun hakim inspektor getməyə hüququ yoxdur.
Şakir Əmrahovun da hansı biliyinə görə siyahıya düşdüyü qaranlıqdır.
Salman Vəliyev deyilənlərə görə, dəfələrlə oyunlara içkili və üst-başı kirli gəlib. Hətta hakimlər onun barəsində dəfələrlə şikayət etsələr də, bu şəxs yenə hakim inpektor kimi təyinat alır.
Hakim inspektorlar arasında keçmiş futbolçular da az deyil. Amma onların biliyi hakimlərin işini qiymətləndirməyə kifayət etmir.
Məlumat üçün bildirək ki, hər futbol mövsümündən öncə bütün hakim və hakim inspektor futbol oyun qaydalarından imtahan verirlər. Hər adama on suala verilir və dörd cavab variantı təqdim edilir.
Hakim inspektor olmaq istəyən şəxslər bu suallardan ən azı səkkizinə düzgün cavab verməlidir. Amma Ramin Musayevə yaxın şəxslər demək olar ki, imtaha vermirər. Onların adı zərfdə komitəyə göndərilir.
Maraqlıdır ki, premyer liqa və birinci dəstə hakim inspektorlarının yarıdan çoxu bu imtahanı verə bilməsələr də, təyinat alırlar.
Yaşlı hakim inspektorlara isə Musayev minnətlə oyun verir və bu şəxslərdən öz mənafeyi üçün istifadə edir. Musayevin yanında dilləri qısa olan inpektorlar isə hakimlərə məhz onun istədiyi qiyməti verirlər.
Ramiz Mustafayev AFFA da təsərrüfat işləri müdiridir. Ancaq hansı haqla premyer liqaya nümayəndə kimi gedir, bəlli deyil.
Məmməd Məmmədov isə İsmət Qayıbov adına stadionun direktorudur və bu arena neçə illərdir “Neftçi”yə məxsusdur. Yəni Məmmədov bu klubun əməkdaşı sayıldığı halda, premyer liqa oyunlarına nüməyəndə kimi təyinat alır
Əsgər Əmirəliyev Gənclər və İdman Nazirliyinin əməkdaşıdır, heç vaxt hakim olmayıb. Amma premyer liqaya təyinat alır.
Premyer liqa oyunlarına nümayəndə kimi təyinat alan Namiq Məstonov da Ramin Musayevin ən yaxın adamlarındandır. Uzun müddət Tovuzun “Turan” komandasında çalışmış bu şəxs heç bir imtahan vermədən güclülər dəstəsinin oyunlarına təyinat alır və adətən adı qalmaqallı oyunlarda hallanır.
Eyni sözü Aydın Gözəlov haqda da demək olar. Elxan Məmmədovun bu kadrı gah klubda işləyir, gah da inspektor olur.
Məlumat üçün bildirək ki, birinci dəstədə elə hakim inspektorlar var ki, onlar keçmiş FİFA referisi olublar. Artıq 4-5 ildir ki, təyinat almırlar.
Qanuna gör isə FİFA hakimi birbaşa premyer liqada təmsil olunmalıdır
Dediklərimizə əyani misal olaraq bildirək ki, Zöhrab Qədiyev, Ramiz Əsədov, Azad Mütəllimov, Rufulla Kərimov kimi FİFA hakimləri premyer liqaya təyinat ala bilmirlər.
Ölkə.az