"15 nüvə bloku aqressor Rusiyanın əlindədir, indidən düşünün!" - Dünya ölkələrinə ÇAĞIRIŞ
23-03-2022, 16:56

“Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra onların Çernobıl torpağına hansı ziyanı vurduğunu araşdırmaq üçün illər lazım olacaq. Bu gün Ukraynada dörd atom elektrik stansiyası fəaliyyət göstərir. Onların 15 nüvə bloku Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Yaponiya parlamentindəki çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.
Zelenski Rusiyanın hücumundan sonra verdiyi dəstəyə görə Yaponiyaya təşəkkür edib:
“Paytaxtlarımızı bir-birindən 8193 kilometr – 15 saat məsafə ayırsa da, bizim azadlıq hisslərimiz, yaşamaq və sülh arzularımız arasında heç bir məsafə yoxdur. Yaponiya Asiyada bu mövqenin lideri oldu. Siz dərhal Rusiyanın başlatdığı bu amansız müharibəni dayandırmaq üçün işə başladınız. Ukraynada sülhün bərqərar olunması üçün cəhd göstərirsiniz”.
Zelenski çıxışında Çernobl AES-dəki vəziyyətlə bağlı da məlumat verib. O, Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə dünya ölkələrinin atacaqları addımlar barədə indidən düşünməli olduğunu bildirib:
“Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Yaponiya parlamentindəki çıxışı ilə iki ölkənin qarşılıqlı münasibətləri tarixində bir ilkə imza atıb.