"Sahil" metrosunun üstündəki binadan daşlar qopdu, mətbuat katibi ölümdən döndü: - "Ölsəydim, 2 balam yetim qalacaqdı"
1-09-2022, 17:01

"Sahil" metrosunun üstündəki binadan daşlar qopdu, mətbuat katibi ölümdən döndü:
"Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. "Sahil" metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşüb, öləcəydim, 2 balam da yetim qalacaqdı".
Mia.az xəbər verir ki, bu sözləri mətbuat katibi Fəridə Aslanova sosial şəbəkədəki hesabında yazıb.
O, daha sonra yazıb:
"Sonra da sosial şəbəkələrdəki ağzıgöyçəklər, mollabaşlar arxamca danışacaqdılar, görəsən, bunun nə böyük günahı var idi ki, belə faciəvi şəkildə öldü?
Mən cəhənnəm, heç olmasa ölkədəki turistlərdən ayıbdır. Elə həmin an o yolu keçən piyadalar arasında əcnəbilər də var idi. Qıyıqgöz turist bu hadisəni lap faciə kimi qəbul etdi, canlı yayım açıb kiməsə öz dillərində nağıl etdi. Dillərin bilsəydim, ona bir-iki söz deyərdim. ))) Deyərdim ki, təəccüblənməsin, belə halların olacağını ehtimal edib şəhərdə kaska ilə gəzsin.
Nə isə...
Evdə də bu hadisəni danışsam, yenə başlayacaqlar ki, hara gedirsən, mütləq orada bir qəmbərqulu çıxarırsan. Mən yazıq, nə edim? Həmişə günahsızkən günahkar oluram.
Zarafat bir yana, çox qorxdum. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...
Birdən ölsəydim?
Bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir. İnsanların əsəbləri ilə oynamaq olmaz!"
