Nizaməddin Quliyevin “Qalası“ və müəmmalı intiharlar
18-05-2016, 14:40
Ölkə başçısı əksər dövlət məmurlarını görəvləndirərkən illərdir ki, davamlı olaraq söylədiyi bir fikiri var – “mən sizi xalqa xidmətçi olasınız deyə təyin edirəm”.
Əfsuslar olsun ki, hələ də ölkə vətəndaşına dövlət başçısının arzu etdiyi məmur obrazını görmək qismət olmayıb. Bu istiqamətdə ən çox fərqlənənlər isə rayon icra hakimiyyəti başçılarıdır. Təyinatlarının elə ilk günündəcə özlərinə xanədanlıq yaradan rayon icra hakimiyyəti başçıları, müavinləri vasitəsilə sakinlərlə öz aralarında süni baryer yaradırlar. Goranboy rayonu da mövcud vəziyyətdən demək olar ki, kənarda qalmayıb. Rayona icra hakimiyyətinin başçısı təyin olunan Nizaməddin Quliyevin əslən qonşu Qazax rayonundan olması söylənilsə də, Goranboyun demək olar ki, hər gün düşmən atəşi ilə üz-üzə qalan Tapqaraqoyunlu kəndində doğulub. Goranboydakı mənbəmizin verdiyi məlumata görə Nizaməddin Quliyevin icra hakimiyyətinin başçısı təyinatından sonra rayon sözün əsl mənasında sanki Şimali Koreya modelinə keçib.
İcra başçısına tabeçilik göstərməyən sakinə, iş adamına qarşı aparılan kompaniya Goranboyda sanki sovetlərin hələ də qaldığı qənaətini yaradıb. Çünki sovetlər dönəmində də əksər müəssisələr, ictimai iaşə obyektləri dövlətə məxsus olduğu kimi, mənbənin verdiyi məlumata görə, Goranboy rayonunda da barmağını tuşladığın dörd tərəfdə gözlə görünən nə varsa, ya birbaşa, ya da dolayısı ilə Nizaməddin Quliyevə məxsusdur. Conflict.az-a məlumatı verən mənbə bildirdi ki, Goranboyun mərkəzində, Naftalan rayonunda, Goranda, Qaşaltıda və s. ərazilərdə əsasən “Qala” adı ilə inşa etdirdiyi onlarla obyekti olan icra başçısı Goranboyu şəxsi anlamda alınmaz qalaya çevirib. Mənbənin verdiyi məlumata görə “Böyük Qala Bazarı”, “Qala Supermarketi”, şəxsi uşaq bağçası, Naftalan rayonunda “Qala” restoranı və s. adda regionda onlarla kommersiya obyektlərinə sahiblənən Nizaməddin Quliyevin ən unikal restoranı məhz doğulduğu Tapqaraqoyunlu kəndində, dağın zirvəsindəki eyni adlı – “Qala” restoranıdır.
Şahidlərin söylədiyinə görə restoranın üstündə axşamlar mayak kimi erməni mövqeyləri istiqamətinə tərəf yanıb-sönən işığın olmasına baxmayaraq, Tapqaraqoyunlu kəndi hər gün düşmən tərəfindən atəşə tutulsa da, başçının “Qala”sına bir daş belə atılmır. Yerli sakinlər bu məsələni zarafatla hətta icra başçısının sehr və ya əfsundan istifadə etməyi ilə də əlaqələndirirlər. Rayon sakinlərinin məsələyə zarafatla yanaşmasına baxmayaraq illərdir ki, bu müəmma davam edir. Əksər kənd sakinləri axşamlar evlərinin, həyətlərinin işıqlarını düşmənin görməməsi və atəş açmaması üçün söndürsələr də, Nizaməddin Quliyevin dağın zirvəsindəki “Qala”sı hələ də mayak rolunu oynayır.
Goranboydakı müəmmalı intiharlarla bağlı da Conflict.az-a məlumat verən mənbə bildirdi ki, əslində ən böyük müəmma rayon ərazisindəki kifayət qədər tanınan şəxslərin özlərinə qəsdləridir. Bir müddət əvvəl rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Abdullayev Faiq Yaqub oğlu rəhbərlik etdiyi müəssisənin 2-ci mərtəbəsindən özünü ataraq intihar etməsi rayon sakinləri tərəfindən hələ də birmənalı qarşılanmır. İntihar nəticəsində yalnız boynunun qırılması istisna, heç bir zədə almayan Baş həkim ölümündən əvvəl vəzifəsindən kənarlaşdırılıbmış.
Dəliməmmədli şəhər musiqi məktəbinin direktoru Yolçu Məmişovun da intiharı eyni səbəbdən-rayon rəhbərliyi tərəfindən görəvindən alınmasından sonra baş verib. Məlumatı verən mənbənin bildirdiyinə görə görəvindən alınandan sonra direktor özünü güllələyib.
Uzun illər Goranboy rayon musiqi məktəbinə rəhbərlik edən Afaq müəllimənin həyat yoldaşı Bəxtiyar Məhərrəmoğlunun da intiharı müəmmalarla doludur. Belə ki, qanunsuz silah saxlamaqda ittiham edilən mərhum qeyri-müəyyən səbəblərdən özünü rayonun Qarabağ Əlilləri Cəmiyyətinin də yerləşdiyi binanın 5 mərtəbəsindən ataraq intihar edib.
Yuxarıda qeyd olunan intihar hadisələri ilə bağlı rəy vermək və ya hansısa şəxsi ittiham etmək media təsisatı kimi bizim vəzifəmizə aid deyil. Amma həm vətəndaş, həm də ictimai nəzarət funksiyasını yerinə yetirən media orqanı kimi hadisələr bizi düşünməyə məcbur edir. Nədən məhz Goranboyda görəvindən alınan şəxslər intihar yolunu seçirlər? Həmin şəxlərin intiharları görəsən hansı sirrlərin yayılmasının qarşısını alıb? Əslində bu istiqamətdə çoxsaylı suallar yaranır. Lakin hələ ki, Goranboyla bağlı araşdırmamız davam edir.
Məlumatı verən mənbə onu da bildirdi ki, Nizaməddin Quliyev Nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur.
Mənbə onu da bildirdi ki, N.Quliyevi Nəqliyyat nazirinə təqdim edən şəxs isə neft şirkətinin hal-hazırda sabiq hesab olunan məsul vəzifəlisi Qulamhüseyn adlı şəxs olub. Məlumatda o da bildirilir ki, Qulamhüseyn adlı həmin şəxsin ölkədən çıxarmaq istədiyi 17 ton pulu sərhəddə tutulduqdan sonra qaçaraq hal-hazırda Ukrayna yaşayır.
Redaksiyadan: Goranboy rayon icra hakimiyyəti başçısı ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığı üçün, yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.