İzi maliyyə idarəsinə qədər uzanan qalmaqal – Lerikdə
20-05-2016, 13:43
Ehtirasları yatırmaq üçün Cəngəmiran kəndinə Lerik RİH başçısının müavini Cəmil Baxşıyev özü gələrək, vəziyyətə müdaxilə etməli olub
Bu günlərdə daxil olmuş növbəti məlumatda Lerik rayonu Cəngəmiran kəndində, may ayının 10-da baş vermiş bir qalmaqallı hadisə barədə açıqlamalar təqdim olunub. Açığını desək, sırf əxlaqi məsələlərlə bağlı olduğuna görə, hadisənin təfərrüatlarını olduğu kimi təqdim etmək niyyətimiz yoxdur. Təkcə bunu deməklə kifayətlənmək istərdik ki, baş vermiş hadisə ilə bağlı açıqlamada Lerik RİH başçısının Cəngəmiran kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi (artıq keçmiş) Əsəd Əsədovun və rayonun Maliyyə idarəsinin rəisi Elman Abbasovun sürücüsünün ailə üzvlərindən birinin adları çəkilib. Mənbənin deməyinə görə, baş vermiş insident kənd sakinlərini o dərəcədə hiddətləndirib ki, ehtirasları yatırmaq üçün Cəngəmirana Lerik RİH başçısı Rövşən Bağırovun müavini Cəmil Baxşıyev özü gələrək, vəziyyətə müdaxilə etməli olub.
Bu məlumatda bizim diqqətimizi çəkən məqam isə bu oldu ki, Lerik rayonunda yaşanmış daha bir neqativ olayda, dolayısı ilə də olsa, yenə də rayonun Maliyyə idarəsinin rəisi Elman Abbasovun adı hallanır. Sanki, bu məmur özü öz qarşısına belə bir məqsəd qoyub ki, rayonda heç bir xoşagəlməz hal onun özünün və ya ən azından ətrafındakı insanların iştirakı olmadan baş verməməlidir. Etiraf edək ki, Elman Abbasov bu məqsədinə indiyədək həmişə nail ola bilib. Belə ki, son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Lerik rayonu Maliyyə idarəsinin işində müşahidə olunan müxtəlif qanun pozuntularından bəhs olunur. Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Bir tərəfdən, təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür. Digər tərəfdən isə, yerli mənbələr Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Həmçinin açıqlamalarda belə maxinasiyalar üçün Elman Abbasovun daha çox üz tutduğu şirkətlərdən biri kimi “DİCO” MMC-nin adı çəkilir. Qeyd etmək lazımdır ki, daxil olan məlumatlarda E.Abbasovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi məmurlarla da əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, Lerik rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir.
Yeri gəlmişkən, bu deyilənlərin bir müddət əvvəl redaksiyamıza təqdim edilmiş və Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun yarıtmaz fəaliyyətindən, bu məmurun öz işində yol verdiyi ciddi qanun pozuntularından əraflı bəhs olunan açıqlamalarla da son dərəcə uzlaşması diqqətimizdən yayına bilməzdi. Növbəti saylarımızdan birində Elman Abbasovun Balaşirin Nəsirovla iş birliynə girərək, konkret hansı “mənimsəmə əməliyyatları”nı həyata keçirmələri barədə daha ətraflı söhbət edəcəyik.
Materialda adı keçən bütün qurum rəhbərlərinin mövqeylərini də əks etdirə bilərik.
Bizim Dövr