Sumqayıt Sukanal İdarəsinin əməkdaşlarından qanunsuz addım – ŞİKAYƏT

21-05-2016, 14:17           

Bu günlərdə içməli suyun qiymətində artım baş verdi. Artımdan sonra istehlakçılar suyun 1 kubuna görə 50 qəpik ödəməli olacaqlar. Suyun tarifinin qaldırılmasını xidmət səviyyəsinin artırılması ilə əlaqələndirdilər.
Düşünmək olardı ki, bundan sonra “Azərsu”nun regionlarda fəaliyyət göstərən idarələri işlərini günün tələblərinə uyğunlaşdırar və əhaliyə göstərilən xidmətin səviyyəsini daha da təkmiləşdirər. Amma görünən odur ki, bu dəyişikliklərə hələ çox vaxt lazım olacaq. Bunları sadalamağımız heç də əbəs deyil.
Məsələn, “Sumqayıt Su-kanal” idarəsindən olan şikayətlər hələ də davam edəcək.
Bu dəfə Sumqayıt sakinlərindən birinin Xeberle.com-a ünvanladığı şikayətin məğzi içməli su təchizatı ilə bağlı deyil. Səbəb tamam başqadır və bir qədər də qəribə.
Belə ki, Sumqayıt şəhər 12-ci mikrorayon bina 10, mənzil 66-da yaşayan Kamran Bağırov sözügdən idarəyə mənzilində sayğac quraşıdırlması ilə bağlı müraciət edib. Əvəzində isə idarədən maraqlı cavab alıb: “Mənzilimdə sayğac quraşdırılması ilə bağlı “Sumqayıt Su-kanal” idarəsinə müraciət etdim. Su sayğacını verərək bildirdilər ki, sayğacı mən quraşdırılmalıyam. Öz ustalarının isə başqa ərazidə olduqlarını və 3-4 aydan sonra gələ biləcəklərini söylədilər. Bu qanun pozuntusudur. Suyun qiymətinin xidmət səviyyəsini artırmaq məqsədi ilə qaldırıblar. Budurmu xidmət səviyyəsi?”
K. Bağırov məsələ ilə bağlı “Azərsu”nun 955 saylı qaynar xəttinə də müraciət etdiyini deyir: “Qaynar xəttə zəng vurdum. Şikayətimi qanun pozuntusu kimi qeydə aldılar.”
Qeyd edək ki, “Azərsu”nun rəsmi internet saytında qeyd olunur ki, dövlət yoxlamasından keçmiş sayğac müvafiq yerdə quraşdırıldıqdan və plomblandıqdan sonra istehlakçı, yaxud hər hansı bir kənar şəxs tərəfindən ona heç bir fiziki təsir olmamalıdır. Ayda bir dəfədən az olmayaraq Sukanal İdarəsinin nəzarətçisi abonentin sayğacına baxış keçirməli və onun göstəricisini qeydə almalıdır.
Sayğaca, yaxud sayğaca vurulmuş plomba istehlakçı tərəfindən hər hansı bir ehtiyatsızlıq nəticəsində zərər toxunulduqda, istehlakçı bu barədə dərhal Sukanal İdarəsini xəbərdar etməlidir. Sukanal İdarəsinin mütəxəssisi yaranmış vəziyyəti yerində araşdırır və müvafiq akt tərtib edir. İstehlakçının ehtiyatsızlığı nəticəsində sayğaca, yaxud plomba dəymiş ziyan Sukanal İdarəsi tərəfindən sayğaca müdaxilə kimi qiymətləndirilə bilər. Buna görə də, hər bir halda sayğac quraşdırılan yerdə təmir və sair işlər görülərkən sayğac və plombun toxunulmazlığı istehlakçı tərəfindən təmin edilməlidir.
Ümidvarıq ki, istehlakçının şikayəti yaxın zamanlarda öz müsbət həllini tapar. /xeberle.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.